13.07.2024-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “14 iyul 1969-cu il: Heydər Əliyev Azərbaycandır” mövzusunda tədbir keçirilib
Zərdab rayonunda Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci il dönümü münasibətilə Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Heydər Əliyev Mərkəzində Ulu öndərin rayona səfərlərini əks etdirən fotosərgiyə baxış keçirilib. Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününə, xalqımızın tarixi taleyində oynadığı misilsiz roluna, həmçinin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev Azərbaycandır” sənədli filmi nümayiş olunub.