ZƏRDABDA ÜMUMRAYON İMƏCİLİYİ KEÇİRİLDİ
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Zərdabda növbəti dəfə ümumrayon iməciliyi keçirilib. Zərdab rayonu ərazisində təşkil olunan növbəti iməcilikdə müxtəlif idarə və müəssisələrdən, ayrı-ayrı təşkilatlardan 500 nəfərdən çox sakin iştirak edib. Ayrı-ayrı küçələrdə, parklarda abadlıq və səliqə-sahman işləri aparılıb.
Zərdab-Ucar magistral yolunun sağ və sol hissələrində yeni yaşıllıqların salınması üçün hazırlıq işləri görülüb. Həmin əraziyə 2500 ədəddən çox sərv, küknar, şam və türk qovağı əkilib. Yeni salınmış ağaclara su verilib. Rayon sakinləri bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildiriblər ki, yaşıllıqların salınması ekoloji tarazlığın bərpasına kömək etməklə yanaşı Zərdabın yaşıllaşmasında da mühüm rol oynayır.
Ağacəkmə kampaniyasında Suvarma Sistemləri İdarəsinin, Mədəniyyət və Turizm Şöbəsinin, Mərkəzi Xəstəxananın, Kommunal Müəssisələri Kombinatının kollektivləri daha çox fəal olublar. Rayonun digər ərazilərindəki yaşıllıqlara da aqrotexniki qulluq göstərilib.
İcra Hakimiyyətindən məlumat verilib ki, ümumrayon iməciliklərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, son illər Zərdabda 300 minə qədər müxtəlif növ ağac və gül kolları salınıb.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə rayon ictimaiyyətinin təşəbbüsünə əsasən magistral və rayondaxili yolların kənarlarında, inzibati ərazi dairələrində, təbii fəlakətdən ziyan çəkmiş ailələr üçün yeni salınmış qəsəbədə 90 min ədəd ağac əkilib. Təkcə Heydər Əliyev parkında yeni salınaraq becərilən ağac və gül kollarının sayı 55 min ədəddən çoxdur.