Şriftin ölçüsü :

Saytın rəngi :

YAP ZƏRDAB RAYON TƏŞKİLATI ANIM GÜNÜNÜ QEYD ETDİ

12 dekabr 2013 | 16:00

    Bu gün Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub.
    Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül-çiçək dəstələri düzmüş, onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    YAP Zərdab rayon təşkilatının qərargahında davam edən dəyirmi masanı YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq bildirdi ki, illər keçdikcə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, həyatını həsr etdiyi xalqını, Vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayır, dərk edir.
            Ümummilli lider daim xalqın saf və ali məqsədlər uğrunda mübarizəsinin önündə dayanmış, əlverişli siyasi şansdan böyük ustalıqla bəhrələnmişdir. Heydər Əliyev dühası Azərbaycan xalq cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini-müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
            Ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarixi yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.
            Heydər Əliyevin Azərbaycanımızın, xalqımızın qarşısında ən böyük tarixi xidmətlərindən biri də onun varisliyin prinsiplərini, mahiyyətini və əhəmiyyətini çox düzgün qiymətləndirməsi və reallıqlarla əsaslandırmasıdır.
    Daha sonra tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev, Rayon Mərkəzləşdirilmiş Kitabxana şöbəsinin direktoru Nailə Əliyeva, Gəlmə kənd orta məktəbin müəllimi Rasif Qaçayev, Kəlbəcər rayonundan məcburi köçkün Kamil Abdullayev, Rayon Mədəniyyət və Turizm idarəsinin əməkdaşı Mübariz Səfiyaroğlu çıxış edərək qeyd ediblər ki, tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Ulu öndər Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm respublikada, həm də dünyada layiqli yer qazandırıb.
    Çıxışlarda yekun olaraq belə bir fikir səsləndirildi ki, illər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin şah əsəri olan Azərbaycanda O, anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq və həmişə seviləcək.
    Tədbirin sonunda Ulu öndərin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Keçidlər