Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda daha 2 yaşayış məntəqəsi təbii qazla təchiz olundu

17 yanvar 2014 | 16:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində, o cümlədən Zərdab rayonunda geniş miqyaslı  quruculuq və abadlıq işləri davam etdirilir, əhalinin ən çox ehtiyacı olduğu sosial problemlərin həlli istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılır.
Rayonumuzda son dövrdə məktəb tikintisi, şəhərdaxili və kənd yollarının asfaltlaşdırılması, digər xidmət müəssisələrinin istifadəyə verilməsi geniş vüsət almışdır. Əhalinin, xüsusən kəndlərdə yaşayanların təbii qaza olan ehtiyacının ödənilməsi sahəsində görülən işlər isə daha sevindiricidir.
Rayon İcra hakimiyyəti başçısının Gəlmə və Salahlı kəndlərində əhali ilə görüşü zamanı kənd sakinləri əraziyə qaz xəttinin çəkilişinin sürətləndirilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Bununla bağlı rayon rəhbərliyi tərəfindən əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmış və müsbət həllini tapmışdır.
16 yanvar 2014-cü il tarixdə rayonun Gəlmə və Salahlı kəndlərində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirildi. Kəndlərdə 35500 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, Gəlmə kəndində 447, Salahlı kəndində 93 olmaqla – cəmi 540 evə sayğac quraşdırılmışdır.
Mərasimdə çıxış edən İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov icra başçısı adından hər iki kəndin sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etdi. Bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bu günədək rayonun 6 yaşayış məntəqəsinə təbii qaz verilmişdir. Artıq bu gün 8-ci yaşayış məntəqəsi təbii qazla təmin edildi. Hazırda rayonun digər yaşayış məntəqələrinə də qaz xəttinin çəkilişi davam etdirilir. O, qeyd etdi ki, qaz xəttinin açılışı bir daha onu göstərir ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin əsasını müstəqil Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışı təşkil edir və bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Kənd sakinləri çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevə ən xoş arzularını və təşəkkürlərini ifadə etməklə, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.
Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Araz Ağayev iştirak etmişdir.

Keçidlər