Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
16 yanvar 2014-cü il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları 1990-cı ilin 20 yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olmuşlar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Mərkəzin direktoru Könül Rəhimova açaraq 1990-cı ilin yanvarında Sovet hərbi birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən söhbət açmışdır. O, baş vermiş qanlı hadisələrdən dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd etmişdir. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bədii və sənədli film nümayiş etdirilmişdir.
Digər çıxış edənlər 20 yanvar hadisələrinin xalqımızın tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq salnaməsi olduğunu vurğulamışlar.
Daha sonra şəhər 1 saylı məktəb-liseyin şagirdlərinin və 1 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının hazırladıqları “Biz sizə borcluyuq, igid şəhidlər” adlı kompozisiya nümayiş etdirilmişdir.