Şriftin ölçüsü :

Saytın rəngi :

20 YANVAR FACİƏSİ - XALQIMIZIN QAN YADDAŞIDIR…

21 yanvar 2014 | 16:00

Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə Zərdab rayonunda ümumrayon anım mərasimi keçirilmişdir. Öncə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinə həsr olunmuş divar qəzetlərinə, rəsm işlərinə və kitab sərgisinə baxış keçirmiş, daha sonra abidə komplekslərinin önünə təzə tər güllər qoymuşlar.
Tədbirin rəsmi hissəsi torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanıldı. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov anım mərasimində çıxış edərək bildirdi ki, Azərbaycan xalqının taleyinə qəhrəmanlıq tarixi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən 24 il keçir. Qeyd etdi ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda tariximizin bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar, qürur hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi heç də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. A.Səfərov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Zərdab rayonundan 140-a qədər gəncin şəhid olduğunu, 90 nəfərin əlil olmasını bildirərək şəhidlərdən 35 nəfərinin adının əbədiləşdirilərək məktəb və küçələrə verildiyini bildirdi.
Natiq xalqımızın səsinə ilk dəfə səs verən, dərdinə şərik olan Ümummilli liderimiz Heydər Əliyevin 20 yanvarı xalqımızın qəhrəmanlıq tarixi adlandırmasını bir daha yada salaraq bütün zərdablılar adından Vətən yolunda canlarından keçən şəhidlərimizə Ulu Yaradandan rəhmət, ailələrinə səbir dilədi.
O, qeyd etdi ki, şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq, onların xatirəsinə ən böyük abidə isə bu gün Ulu Öndərin layiqli varisi möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən artıq 10 ildən artıqdır ki, inamla idarə olunan, ildən ilə öz iqtisadi və müdafiə qüdrətini möhkəmləndirən müstəqil, azad və demokratik Azərbaycandır.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verildi.
Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər qoydular.
Gün ərzində rayon ərazisindəki məscidlərdə ehsan süfrələri açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Keçidlər