Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda körpələr evi-uşaq bağça müdirləri və tərbiyəçiləri üçün açıq məşğələ və seminar-müşavirə keçirildi

26 yanvar 2014 | 16:00

24 yanvar 2014-cü il tarixdə Zərdab şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçaları müdirləri və tərbiyəçiləri üçün açıq məşğələ, sonra isə Rayon İcra Hakimiyyətinin iclas zalında seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirəni giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəhman Feyzullayev açaraq bildirmişdir ki, rayonda 19 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bu müəssisələrdə 790 nəfər uşağın təlim-tərbiyəsi ilə 123 nəfər pedaqoji, 19 nəfər tibb işçisi məşğul olur. Respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə məktəbəqədər təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bizim rayonumuzda da öz nəticəsini göstərməkdədir. Son illər rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Şəhər 1, 2, 3 nömrəli körpələr evi-uşaq bağçalarının yerləşdiyi binalar əsaslı təmir edilmiş, Qoruqbağı kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib istifadəyə verilmiş, Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının yerləşdiyi bina yenidən qurulmuş və əsaslı təmir edilmiş, bağçanın bütün inventar və avadanlıqları yeniləri ilə əvəz edilmişdir. 2013-cü ildə körpələr evi-uşaq bağçalarında 37 min manatlıq təmir işləri aparılmış, bağçalara 82,5 min manatlıq yeni inventar və avadanlıq verilmiş, 8 nəfər orta ixtisaslı bağça müdiri ali təhsilli kadrlarla əvəz edilmiş, bağçaların ərzaqla təminatı xeyli yaxşılaşdırılmış, tərbiyə və təlim işlərinin təşkili əvvəlki illərə nisbətən daha səmərəli qurulmuşdur.
Respublika Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin bütün sahələrində, o cümlədən məktəbəqədər təhsilin inkişafı sahəsində qarşıya çox böyük vəzifələr qoymuşdur.  Həmin vəzifələrin icrası məktəbəqədər təhsil müəssisələrinin kollektivlərindən çox ciddi səy və məsuliyyətlə işləməyi tələb edir.
Sonra Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülsura Novruzova “Körpələr evi-uşaq bağçalarında təhsil proqramlarının və tərbiyəçilərin həftəlik fəaliyyət proqramlarının tərtibi işinin təkmilləşdirilməsi tədbirləri barədə”, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi Xəyalə Veyisova “Körpələr evi-uşaq bağçalarında pedaqoji şuranın hazırlanıb keçirilməsi işinin təkmilləşdirilməsi tədbirləri barədə”, Rayon Mərkəzi Xəstəxanasının uşaq həkimi Gülsüm Salmanova “Körpələr evi-uşaq bağçalarında tibb işinin təşkili vəziyyəti barədə”, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəşid Hüseynov “Körpələr evi-uşaq bağçalarında sanitar-gigiyena normalarına əməl edilməsi vəziyyəti və bu işin təşkilini daha da yaxşılaşdırmaq tədbirləri barədə” məruzələrlə çıxış etmişlər.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər