15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirilib
12 iyun 2026-cı il tarixdə 15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon rəhbərliyi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Bildirib ki, xalqların tarixində onların taleyini müəyyənləşdirən, gələcək inkişafına istiqamət verən əlamətdar günlər mövcuddur. Azərbaycan xalqı üçün belə mühüm tarixi günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Qeyd edilib ki, 1993-cü ildə xalqın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsi olub. Məhz həmin dövrdən etibarən ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, sosial-iqtisadi inkişafın əsası qoyulmuş, dövlətçilik ənənələri möhkəmləndirilmiş və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Vurğulanıb ki, bu gün Azərbaycan öz inkişaf yolunu inamla davam etdirir və gələcəyə böyük nikbinliklə baxır. Bu uğurların davamlılığı isə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təmin olunur.
Tədbirin sonunda Milli Qurtuluş Gününə aid videoçarx nümayiş etdirilib.






