Şriftin ölçüsü :

Saytın rəngi :

15 May – Beynəlxalq Ailə Günü münasibətilə rayonun nümunəvi və uzunömürlü ailələrindən olan Qasımovlar ailəsi ilə görüş keçirilib

15 may 2026 | 16:35

Zərdab Rayon İcra Hakimiyyətinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları 15 May – Beynəlxalq Ailə Günü münasibətilə rayonun nümunəvi və uzunömürlü ailələrindən olan Qasımovlar ailəsini ziyarət ediblər.

Görüşün keçirilməsində məqsəd sağlam və möhkəm təməllər üzərində qurulan, milli-mənəvi və ailə dəyərlərini yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, ailə institutunun möhkəmləndirilməsi istiqamətində maarifləndirici və təşviqedici işlərin aparılması olub. 51 illik birgə ömür yolu keçən Fayə Rəhimova və Böyükşi Qasımov ailəsi uzun illər ərzində qarşılıqlı hörmət, etibar, qayğıkeşlik və sədaqət nümunəsi nümayiş etdiriblər. Ailənin 3 övladı, 7 nəvəsi və 3 nəticəsi var. Onlar təkcə öz ailələri üçün deyil, ətrafdakılar üçün də nümunəvi ailə modeli kimi tanınıblar. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Böyükşi Qasımov və xanımı Fayə Rəhimova əlli illik pedaqoji stajları ilə gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətlər göstərib, yüzlərlə şagirdin savadlı və vətənpərvər ruhda yetişməsinə töhfə veriblər.

Qeyd olunub ki, milli-mənəvi dəyərlərin qorunması, valideynə hörmət, uşaqların düzgün tərbiyəsi və ailədaxili ünsiyyət sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Qasımovlar ailəsi gənclərə öz tövsiyələrini də veriblər. Onlar bildiriblər ki, ailə qurarkən ən vacib məqam qarşı tərəfə hörmət və etibar göstərməkdir. Səbirli olmaq, bir-birini dinləmək, ailə məsuliyyətini bölüşmək və çətinliklər qarşısında birlik nümayiş etdirmək uzunömürlü ailənin əsasını təşkil edir. Həmçinin vurğulanıb ki, ailədə səmimiyyət və sədaqət olduqda övladlar da sağlam mühitdə böyüyür, gələcəkdə cəmiyyət üçün faydalı insanlara çevrilirlər.

Sonda Qasımovlar ailəsinə xoş arzular çatdırılıb, onların həyat yolu və ailə dəyərlərinə sadiqliyi gənc ailələr üçün örnək kimi dəyərləndirilib.

Keçidlər