Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Uşaq yaşda evlilik cinayətdir” adlı tədbir keçirildi

14 fevral 2014 | 16:00

13 fevral 2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon Bıçaqçı kənd orta məktəbində  tədbir keçirilmişdir.
Tədbirdə Bıçaqçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd tam orta məktəbinin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Həsənova  Erkən nikahın məişət zorakılığının başlıca amillərindən olduğunu bildirdi. Qeyd etdi ki, azyaşlı qızların təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmirlər. Erkən nikahlar əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyirlər, lakin özləri də bilmədən onları risk altına qoyurlar. Erkən nikahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur.
Tədbirdə çıxış edən ziyalılar məktəblərdə belə maarifləndirici tədbirlərin keçirilməsini çox yüksək qiymətləndirdi. Həmçinin bildirdilər ki, erkən yaşında olarkən qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar. Qızların 4, 5 və 6-cı siniflərdən məktəbdən çıxarılması və 13, 14 yaşlarında nişanlanması, 14-15 yaşdan etibarən ərə verilməsi bəzi bölgələrdə yerli ənənə hesab olunur. Beləliklə, onlar təhsil almaq və cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir və cəmiyyətdən təcrid olunmuş vəziyyətə düşürlər.
Mərkəzin psixoloqu Jalə Məmmədzadə öz çıxışında erkən nikahların qızların psixologiyasına mənfi təsirindən söz açdı.
Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Ailələrə məktub” tədbir iştirakçılarına paylanıldı.

Keçidlər