Xocalı faciəsinin qurbanları Rayon Mərkəzi Kitabxanasında da yad edildi
Xalqımızın tarixində kədərli və ağrılı bir səhifə, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tədbirlər planına dair silsilə tədbirlər keçirilib. Belə ki, kitabxanada “Xocalı Harayı” adlı kitab sərgisi təşkil olunub. “Xocalı faciəsi unudulmur” başlıqlı biblioqrafik məlumatlar hazırlanıb oxuculara təqdim edilib.
24 fevral 2014-cü il tarixdə isə Mərkəzi kitabxanada “Tarixin əbədi yarası” adlı xatirə gecəsi keçirilmişdir. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilmiş və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açmış, ermənilərin törətdikləri vəhşilikdən, dinc əhalinin başına gətirilən müsibətlərdən danışmışdır.
Digər çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixinə dəhşətli faciə, həm də qürur duyduğumuz bir gecə kimi yazıldığını qeyd etmişlər.
Sonda H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Tarixin əbədi yarası” adlı səhnəcik nümayiş etdirilmişdir.