ZƏRDABDA QADINLAR GÜNÜ QEYD OLUNDU
05 mart 2014-cü il tarixdə Zərdab şəhərində “Kür” şadlıq sarayında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmişdir.
İcra başçısı çıxışında bildirmişdir ki, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilmişdir. Natiq Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışarkən bu sahədə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın adını xüsusi qeyd etmişdir. Vurğulamışdır ki, ölkə Prezidentinin xanımı kimi Mehriban xanım Əliyeva, Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə paklıq və müqəddəslik rəmzi olan qadınlarımızı dünyada ləyaqətlə təmsil edir, xalqımızı başqa xalqların gözündə daim ucaldır.
Cənab Lütvəli Babayev həmçinin qeyd etmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan zərdablı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, təhsil, səhiyyə, mədəniyyət sahibkarlıq, aqrar və digər sahələrdə əzmlə çalışırlar. Son illər idarə və müəssisələrdə, fermer təsərrüfatlarında, sahibkarlıq sahəsində çalışan qadınlarımızın sayı artmaqda davam edir. Sevindirici haldır ki, “Əməkdar müəllim” adına layiq görülən, “Tərəqqi medalı”, “İlin ən yaxşı müəllimi”, “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunan, idman və incəsənət sahəsində fərqlənən qadınlarımızın sırası ilbəil genişlənir.
Tədbirdə fəal qadınların bir qrupuna qiymətli hədiyyələr verilmişdir.
Yığıncaqda digər çıxış edənlər qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbir bayram konserti ilə davam etdirilmişdir.