Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda sahibkarlarla görüş keçirildi

07 mart 2014 | 16:00

06 mart 2014-cü il tarixdə Novruz bayramına hazırlıq ərəfəsində Zərdab rayonunda yerli sahibkarlarla rayon rəhbərliyinin görüşü keçirilmişdir.
Öncə yığıncaq iştirakçıları sahibkarların fəaliyyətinə və 2013-cü ildə rayonda görülən tikinti-quruculuq işlərinə aid videoçarxa baxmışlar.
Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər dövlət səviyyəsində sahibkarlara göstərilən diqqət və qayğıdan danışmışdır. Xüsusilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daim sahibkarlara dəstək göstərilməsi, sahibkarlara uzunmüddətli kreditlərin verilməsi, dövlət başçısının yeni istifadəyə verilən sahibkarlıq obyektlərinin açılışında şəxsən iştirak etməsi yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sahibkarlara ölkə Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 03 mart 2014-cü il tarixli Fərmanı barədə məlumat verilmişdir.
Görüşdə qeyd olunmuşdur ki, ölkə rəhbərinin tapşırığına uyğun olaraq rayonda da sahibkarlara lazımi şərait yaradılır, sərbəst iqtisadiyyata geniş meydan verilir. Tez-tez sahibkarlara rayon rəhbərliyinin görüşləri keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində konkret tədbirlər görülür.
Ötən il onlarla yeni sahibkarlıq obyekti tikilib istifadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində rayonun Məmmədqasımlı kəndində sahibkar İntiqam Ağalarovun inşa etdirdiyi, sutkada 50 ton istehsal gücü olan un dəyirmanının rayon rəhbərliyinin iştirakı ilə təntənəli açılışı olmuşdur.
Təkcə 2013-cü ildə 263 fiziki, 14 hüquqi şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir.
Son 5 ildə 150 nəfərə qədər sahibkara sərbəst iqtisadiyyatın genişləndirilməsi, yeni sahibkarlıq obyektlərinin açılması məqsədilə şəhərdə və kəndlərdə torpaq sahələri ayrılmışdır. Sanitar-gigiyenik qaydalara əməl olunması, şəhərin təmizliyinin qorunub saxlanılması məqsədilə küçə, meydan və parklara 100-dən çox yeni zibil qutuları qoyulmuşdur. Son dövrdə Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyinin 3 dəfə rayonun sahibkarları və fermerləri ilə görüşü təşkil olunmuşdur.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz Kərimov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəşid Hüseynov, Zərdab bələdiyyəsinin sədri Həsən Eminov, Baytarlıq İdarəsinin rəisi Mənsim Pənahov, sahibkar, “Tərəqqi” medallı Telman İsmayılov və digərləri çıxış etmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Rayonda sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Yeni sahibkarlıq obyektlərinin müasir üslubda tikilməsi, obyektlərin ərazisinin abadlaşdırılması, müvafiq qurumlarla birlikdə zibil tullantılarının vaxtında götürülməsinin təşkili, əhaliyə nümunəvi xidmət göstərilməsi, vaxtı keçmiş qida məhsullarının, o cümlədən ət, kolbasa və digər ərzaq məhsullarının satışına yol verilməməsi, Novruz bayramı ərəfəsində qiymətlərin süni şəkildə artırılmaması, sahibkarlıq fəaliyyəti üçün mütləq lisenziyaların olması və sair məsələlərlə bağlı sahibkarlara müvafiq tövsiyələr verilmişdir.

Keçidlər