ZƏRDAB bir yanı Qarabağ, bir yanı Şirvan...
Zərdabın qəribə coğrafi mövqeyi var: Kür boyunca bir tərəfi Qarabağdır, o biri tərəfi isə Şirvan çölləridir. Şəhər də elə bu istiqamətlərə - Qarabağa, Şirvana doğru “addımlayır”. Təsadüfü deyildir ki, son vaxtlar bura yolu düşənlər təəccüb və heyrətlərini gizlədə bilmirlər. Şəhəri, az qala, tanımaq olmur. Yeni küçələr, səkilər, yaşayış evləri və ictimai binalar, parklar, yaşıllıq zolaqları göz oxşayır, könül sevindirir.
Ucar tərəfdən şəhərə giriş isə tamamilə dəyişmiş və gözəlləşmişdir. Bu səmtdən Zərdab şəhərinə yaxınlaşdıqca quruculuq işlərinin sevindirici əlamətləri çoxalır, adama qəribə bir rahatlıq gətirir. “Otuziki hektar” deyilən ərazidə isə, demək olar ki, yeni bir şəhər salınıb. Bu barədə təsadüfən söhbət açmırıq. Bizə elə gəlir ki, “Otuziki hektar” son illər Zərdabda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini, dinamik inkişaf və yüksəlişi çox gözəl xarakterizə edir.
Əlimizdə olan fakt və rəqəmlərdən, apardığımız təhlil və müqayisələrdən, konkret nəticələrdən bəzi nümunələrə nəzər salaq. Təkcə son bir ildə rayon iqtisadiyyatının əsas sahələrində 99 milyon 882 min manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilə nisbətən artım 3 milyon 116 min manat və ya 3,4 faiz olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə 329 yeni iş yeri yaradılmışdır ki, bunların da hamısı daimidir. Ümumiyyətlə, son 10 ildə 8 mindən çox yeni iş yeri açılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayon iqtisadiyyatının ayrı-ayrı sahələrindəki dinamik inkişaf meyilləri iqtisadiyyatın əsas göstəricisi olan rayon büdcəsinin də əhəmiyyətli dərəcədə artmasına zəmin yaratmışdır. Belə ki, il ərzində rayonun büdcə gəlirləri 21 milyon 503 min manat qarşı 21 milyon 896 min manat və ya 101,8 faiz icra edilmişdir.
Yeri gəlmişkən, son illər Zərdabın simasını əsaslı şəkildə dəyişən, onu daha da gözəlləşdirən tikinti-abadlıq işlərindən bəzi nümunələri sadalayaq: Bayraq meydanı, elektron giriş qapısı, Heydər Əliyev Parkı və Heydər Əliyev prospekti tamamilə yenidən qurulmuşdur. Şəhərə 72 kilometrlikdən içməli su xətti çəkilmişdir.
Tikinti-quruculuq işləri ötən il sürətləndirilmiş, xüsusilə yol təsərrüfatının yenidən qurulması istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, Zərdab-Əlvənd-Mollakənd avtomobil yolunda tikinti işləri başa çatdırılmış, şəhərdaxili yolların təmiri və asfaltlaşdırılması işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün 2-ci mərhələdə 6 milyon 450 min manat vəsait ayrılmışdır. Ötən il işlər başa çatdırılmışdır. Bundan başqa, rayon polis şöbəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir.
Hazırda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, baytarlıq idarəsinin binası, suvarma sistemləri idarəsinin həyətində regional ofis binası, süd məhsulları emalı zavodu istifadəyə tam hazırdır. 17 kənddə su birlikləri üçün inzibati binalar tikilmişdir. Ümumiyyətlə, 2013-cü ildə rayon üzrə tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 32,6 milyon manat təşkil etmişdir.
Aqrar sahənin inkişafına diqqət daha da artırılmış, əkin dövriyyəsinə daxil edilmiş torpaqların sahəsi 33741 hektara çatdırılmışdır. Əkin sahələrinin 50,8 faizini dənli, 46,2 faizini yem, 1,4 faizini texniki bitkilər, qalanını isə bostan və tərəvəz təşkil edir. Fermer təsərrüfatlarının sayı 44-ə çatmışdır. Rayon üzrə keçən il 47097 ton taxıl istehsal olunmuşdur. Hər hektarda məhsuldarlıq 27,5 sentner olmuşdur ki, bu da əvvəlki ildəkindən 1,7 sentner çoxdur. 2304 ton kartof, 2220 ton tərəvəz, 8017 ton bostan məhsulları istehsal olunmuşdur.
Heyvandarlığın inkişaf etdirilməsi, onun yem bazasının möhkəmləndirilməsi üçün xeyli iş görülmüşdür. Ət istehsalı 48 ton, süd istehsalı 6700 ton, yumurta istehsalı xeyli artmışdır. Rayon əhalisinin quş ətinə və yumurtaya olan ehtiyacını ödəmək üçün “Turac-2008” MMC fəaliyyətini genişləndirmiş, balıqçılığın, arıçılığın inkişaf etdirilməsi üçün müəyyən tədbirlər həyata keçirilmişdir. Lələağacı kəndində 1 balıqçılıq təsərrüfatı yaradılmış, arı təknələrinin sayı 472 ədədə çatdırılmışdır.
İnsan amili, əhalinin vacib sosial ehtiyaclarının vaxtında və həssaslıqla yerinə yetirilməsi daim diqqət mərkəzindədir. Son vaxtlar elektrik, qaz və su təsərrüfatı sahəsində mühüm tədbirlər işlənib həyata keçirilmiş, bir sıra infrastruktur layihələri reallaşdırılmışdır. Ötən il Alıcanlı, Yuxarı Seyidlər, Dəliquşçu, Çallı, Əlibəyli, Məmmədqasımlı, Burunlu, Dəkkəoba və digər kəndlərə xidmət göstərən transformatorlarda təmir işləri aparılmışdır. 243 sayğac quraşdırılmış, 125 istismara yararsız elektrik sayğacı dəyişdirilmişdir. Ümumilikdə, elektrik təsərrüfatında 26,9 min manatlıq təmir-bərpa işləri aparılmışdır. Əhali üzrə 20 milyon kilovat-saat enerji istehlak olunmuş, dəyəri 98,7 faiz ödənilmişdir.
Əhalinin təbii qaz təminatının yaxşılaşdırılması və kəndlərin qazlaşdırılması sahəsində işlər davam etdirilmişdir. Ümumiyyətlə, son vaxtlar 10 kəndə təbii qaz xətti çəkilmişdir. Ötən il Dəliquşçu, Dəkkəoba, Gəlmə, Salahlı kəndlərinin, o cümlədən yeni qəsəbənin qazlaşdırılması təmin olunmuşdur. 623 fərdi qaz tənzimləyicisi və sayğac quraşdırılmışdır. Əhali üzrə 4 milyon 633 min kubmetr qaz istehlak olunmuş və dəyəri 101,2 faiz ödənilmişdir.
Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması tədbirlərinin icrasına 2011-ci ildə başlanılmışdır. Rayonun Dəliquşçu kəndinin yaxınlığında çirkab təmizləyici terminalın tikintisinə başlanılmış, içməli su xəttinin və kanalizasiya sisteminin qurulması istiqamətində xeyli iş görülmüşdür. “Hidro-Lopus” MMC 2013-cü ildə müxtəlif diametrli borularla 28941 metr şəhərdaxili su xətti çəkmişdir. 2233 ailə fasiləsiz içməli su ilə təmin olumuşdur. Hazırda bu istiqamətdə işlər surətlə davam etdirilir.
Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində olmuş, sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Hazırda rayonda fəaliyyət göstərən 43 ümumtəhsil məktəbində 6812 nəfər şagird təhsil alır ki, onların da təlim-tərbiyyəsi ilə 978 nəfər müəllim məşğul olur. Son illərdə 7 nəfəri “əməkdar müəllim” fəxri adına layiq görülmüş, 4 nəfər “Tərəqqi” medalı ilə, 3 nəfər Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Ötən il 515 nəfər məzundan 202 nəfəri ali məktəblərə ərizə vermiş və onlardan 135 nəfəri ali məktəblərə qəbul olmuşdur. 2012-ci ildə bu göstərici 102 nəfər olmuşdur. 6 nəfər məzun 600-dən çox bal toplamışdır.
2013-cü ildə respublikamızda keçirilən müxtəlif Olimpiada və müsabiqələrdə fəal iştirak edən zərdablı məktəblilərdən 1 nəfər respublika turunda 3-cü yeri, 1 nəfər İsveçdə keçirilən Beynəlxalq şahmat turnirində 3-cü yeri, 1 nəfər “Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq respublika baxış müsabiqəsi”ndə 2-ci yeri, 1 nəfər məktəblilərin respublika spartakiadasında 2-ci yeri tutmuşdur. Gəlmə kənd tam orta məktəbinin stolüstü tennis komandası isə respublika çempionatında 2-ci yerə çıxmışdır.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Dövlət vəsaiti hesabına Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Körpükənd, Gəndəbil kənd tam orta məktəblərində təmir işləri aparılmışdır. Zərdab şəhər 3 nömrəli, Məmmədqasımlı kənd tam orta, Nəzəralılı kənd ibtidai məktəblərində yeni su hovuzları tikilmiş, sanitar qovşaqları yenidən qurulmuşdur. Ümumiyyətlə, son 10 ildə rayonda 16 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 2 tam orta məktəb əsaslı təmir edilmişdir. Həmin məktəblərdən ikisi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsi çərçivəsində tikilmişdir.
Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı bütün regionlarda olduğu kimi Zərdabda da bu sahənin inkişafına böyük təkan vermiş, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2013-cü ildə mərkəzi xəstəxananın, Şahhüseynli, Qaravəlli, Kəndəbil kənd həkim məntəqələrində əsaslı və cari təmir işləri aparılmışdır. Mərkəzi xəstəxananın doğuş məntəqələrində əsaslı və cari təmir işləri aparılmışdır. Xəstəxananın doğuş palatası, cərrahiyyə şöbəsinin əməliyyat bloku, kənd tibb müəssisələri zəruri tibbi avadanlığı və inventarlarla təmin olunmuş, tibb müəssisələrinin ərzaq, dərman, yanacaq təminatı xeyli yaxşılaşdırılmışdır.
Ötən il rayon rəhbərliyinin təşəbbüsü ilə Bakı şəhərindən həkim briqadaları gələrək xəstələrin müayinəsi və cərrahi əməliyyatı ilə məşğul olmuşlar. 2013-cü il may ayında görkəmli oftolmoloq, professor Çingiz Cərullazadənin rəhbərliyi ilə həkim briqadası mərkəzi xəstəxanada olmuş, 150 nəfəri müayinə, 36 nəfəri cərrahi əməliyyat etmişdir. Ötən il dünya şöhrətli akademik Cəmil Əliyevin təşəbbüsü ilə Milli Onkologiya Mərkəzinin həkim briqadası Zərdabda 1600 nəfəri müayinə və müalicə etmişdir.
Zərdablılar iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş uğurları haqlı olaraq Pezident İlham Əliyevin bu bölgəyə gündəlik diqqət və qayğısı ilə bağlayırlar. Digər tərəfdən, Zərdab Rayon İcra Hakimiyyətinin, onun strukturlarının yerlərdə apardıqları ardıcıl və sistemli iş, möhkəm icra intizamı, çevik və operativ idarəetmə ahəngdar inkişafı təmin edir. Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması, insanlara həssas və qayğıkeş münasibət xüsuilə diqqət mərkəzindədir.
Hazırda rayonda sağlam mənəvi-psixoloji mühit, təşəbbüskar, yaradıcı ab-hava var. Biz bu günlərdə rayonda olarkən bir daha bunun şahidi olduq. Kənd əməkçilərini elliklə tarlada, iş üstündə gördük, hamı yaz qayğıları ilə yaşayır. Yeni binalar tikilir, yollar salınır, qaz, su xətləri çəkilir... Bir sözlə, bu gün Zərdabda həyatın axarı gurdur. Adamlar böyük səy və həvəslə çalışır, bolluq yaradır, sabaha dərin inam və ümidlə baxırlar.
Xalq qəzeti
13 mart 2014-cü il