17.05.2024-cü il tarixdə qanvermə aksiyası keçirilib
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə 17 may 2024-cü il tarixdə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin binasında növbəti qanvermə aksiyası keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş tibb briqadasının həkim-hemotoloqları xeyirxah kampaniyaya qoşulan rayon sakinlərinin sağlamlıq durumunu qiymətləndirdikdən sonra onların aksiyada iştirak etmələrinə icazə verilib. Aksiyada 300 nəfərdən çox sakin iştirak edib. Qeyd edək ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.