Zərdabda Novruz şənlikləri keçirilib
18 mart 2014-cü il tarixdə Zərdab rayonunda təmizlik, ülvilik və saflıq rəmzi olan Bahar bayramı kütləvi şənlik və müxtəlif mərasimlərlə qeyd olunub. Rayon İcra Hakimiyyətində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla, o cümlədən aztəminatlı ailələrlə görüş keçirilib. Görüşdə sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısından söz açılıb. 50-yə qədər ailəyə bayram sovqatları paylanılıb.
Daha sonra mərkəzi stadionda ümumrayon şənliyi təşkil olunub. Meydan boyu açılan bayram süfrələri, yerli müəssisələrdə istehsal olunan məhsulların sərgisi, milli adət-ənənələrimizin qədimliyindən soraq verən palaz, kilim, cəhrə, dördayaq, nehrə kimi əşyalarla tanışlıq şənlik iştirakçılarında xoş hisslər yaradıb. Bayram tonqalı alovlandırıldıqdan sonra Dədə Qorqudla Bahar qızı Oğuz igidlərinə, xatınlarına əmin-amanlıq, bol ruzi arzulayıblar.
Zərdab rayon ictimaiyyətinə bayram təbriklərini çatdıran Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Novruz adətlərinin zənginliyindən, insanlara xoş hislər aşılamasından söz açıb. Bildirib ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı son illər təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə artıq 11-ci ildir ki, xalqımız öz adət və ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutmuş, onları qoruyub saxlamış və daha da inkişaf etdirmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz günü” elan etmişdir.
Artıq hər il Novruzun yeni nailiyyətlərlə qeyd edilməsi ənənəyə çevrilmişdir. Respublikamızın hər yerində olduğu kimi builki Novruz bayramı rayonumuzda da böyük sevinclə, yüksək təntənə ilə qeyd olunur.
Son dövrdə ölkəmizdə bütün sahələrdə qazanılan uğurlar Zərdab rayonundan da yan keçməmiş, rayonun sosial-iqtisadi inkişafı, aqrar sahənin inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, insanların sosial problemlərinin həlli istiqamətində konkret tədbirlər görülmüşdür.
İcra başçısı bütün zərdablıları Bahar müjdəli Novruz bayramı münasibətilə təbrik etmiş, onlara möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulamış, hər bir evə və ailəyə bol-bol ruzi, bərəkət, xalqımıza sülh və əmin-amanlıq diləmişdir.
Rəqs qruplarının, musiqi kollektivlərinin nümunəvi çıxışları, keçəl və kosanın məzəli oyunları, idmançıların, kəndirbazın nömrələri, at yarışları maraqla qarşılanıb. Məktəblilər qədim oyunlarımız nümayiş etdiriblər. Meydan boyu yuxa, kətə, aş, qutab, şəkərbura, paxlava bişirilib. Əli xonçalı qızlar şənlik iştirakçılarına Novruz sovqatları paylayıblar. 3000 ədəddən yuxarı səməni ilə bəzədilən stadionda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası da təşkil olunub.
Zərdabda Novruz şənlikləri el gəzintisi və bayram konserti ilə davam etdirilib.