ZƏRDAB RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ RAYON SAKİNLƏRİNƏ NOVRUZ TƏBRİKİ
Əziz zərdablılar!
Sizi və Sizin şəxsinizdə bütün zərdablıları xalqımızın əziz bayramı olan, özündə milli-mənəvi dəyərlərimizin ruhunu yaşadan müqəddəs Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm və Sizə ən xoş arzularımı bildirirəm.
Novruz xalqımız tərəfindən həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik, yeniləşmə əhval-ruhiyyəsi yaradan bayram kimi qeyd olunur.
Tarix boyu heç bir qüvvə Novruz bayramını insanlarımızın qəlbindən çıxara bilməmişdir. Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içində milli bayramlarını, o cümlədən Novruz adət və ənənələrini də qorumuş, onu əsrlərin sınağından keçirərək bu günümüzə qədər layiqincə yaşatmışdır.
Novruz bayramı ulu əcdadlarımızın bizə gözəl yadigarı olmaqla, xalqımız yazın gəlişini kütləvi şənlik və mərasimlərlə, təntənəli ilaxır çərşənbələri ilə qarşılamış, təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulamışdır.
Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı son illər təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşmüşdür.
Böyük ruh yüksəkliyi ilə qarşıladığımız bu Bahar bayramı günlərində insanların fikri, əməli, istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Novruz bayramı mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı təcəssüm etdirən el bayramıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə artıq 11-ci ildir ki, xalqımız öz adət və ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutmuş, onları qoruyub saxlamış və daha da inkişaf etdirmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz günü” elan etmişdir.
Respublikamızda hər il Novruzun yeni nailiyyətlərlə qeyd edilməsi artıq ənənəyə çevrilmişdir. Bu bahar günlərində Azərbaycanın iqtisadi uğurları xüsusi qeyd olunmalıdır.
Bu ilin 09 yanvar tarixində cənab Prezidentin sədrliyi ilə 2013-cü ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında və Heydər Əliyev Mərkəzində keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasının yekunlarına həsr olunmuş 05 fevral 2014-cü il tarixli konfransda dövlətimizin başçısının nitqlərində qeyd olunduğu kimi bütün dünyanı bürüyən iqtisadi böhran şəraitində belə son illər dövlətimiz və xalqımız özünün əsl tərəqqi mərhələsini yaşayır. Artıq 2014-2018-ci illər üzrə üçüncü Dövlət Proqramı təsdiqlənmişdir.
Bu gün dövlət büdcəmiz 27 milyard dollara çatmışdır. Valyuta ehtiyatımız 50 milyard dollar həcmindədir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5,3 faizə qədər enmişdir.
Aztəminatlı insanlara dövlət qayğısı, əmək haqqı, pensiya və müavinətlər ilbəil artırılır.
Dövlət Proqramları çərçivəsində Azərbaycanda son illərdə çoxsaylı məktəblər, uşaq bağçaları, səhiyyə, mədəniyyət ocaqları, idman kompleksləri və digər istehsal xarakterli obyektlər tikilmişdir.
Son illər mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun və iqtisadi qüdrətinin məntiqi nəticələri kimi dəyərləndirilir. Artıq Bakı şəhəri dünyanın beynəlxalq tədbirlər mərkəzinə çevrilmişdir.
2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının Azərbaycanda keçiriləcəyi bizi daha çox sevindirmişdir.
Ötən ilin fevralında ilk peykimizin orbitə buraxılması, ilin sonunda isə 21-ci əsrin müqaviləsi kimi tarixə düşmüş Şahdəniz-2 layihəsi üzrə investisiya qərarının qəbul edilməsi Azərbaycanın və dövlətimizin başçısının növbəti qələbələrindən olmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə ölkəmizdə qazanılan yüksək nəticələr, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da artması deməyə əsas verir ki, bu gün regionda söz sahibi olan Müstəqil Azərbaycan Respublikası yaxın gələcəkdə çiçəklənən və daha qüdrətli sivil bir ölkəyə çevriləcəkdir.
Əziz zərdablılar!
Respublikamızın hər yerində olduğu kimi builki Novruz bayramı rayonumuzda da böyük sevinclə, yüksək təntənə ilə qeyd olunur.
Son dövrdə ölkəmizdə bütün sahələrdə qazanılan uğurlar Zərdab rayonundan da yan keçməmiş, rayonun sosial-iqtisadi inkişafı, aqrar sahənin inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, insanların sosial problemlərinin həlli istiqamətində konkret tədbirlər görülmüşdür.
Zərdablılar ardıcıl olaraq 2 dəfə, o cümlədən 06 may 2011-ci il və 07 oktyabr 2012-ci il tarixlərdə ölkə Prezidenti cənab İlham Əliyevin Zərdaba tarixi səfərlərinin xoş təəssüratlarını bu gün də yaşayırlar.
Dövlətimizin başçısının rayonumuzda 7 oktyabr 2012-ci ildə Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasının, su bulağının və Gənclər Mərkəzinin açılışında iştirak etməsi, Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olması, ictimaiyyət nümayəndələri ilə səmimi görüşməsi, tövsiyə və tapşırıqlarını verməsi insanlarımızı daha yaxşı işləməyə ruhlandırmışdır.
Ötən il Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın görkəmli oftalmoloq-alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 90 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur. 2013-cü il həm də Azərbaycanın tarixinə növbəti Prezident seçkiləri ili kimi düşmüşdür. Zərdablı seçicilər də yüksək siyasi iradə nümayiş etdirərək cənab İlham Əliyevin namizədliyini birmənalı olaraq müdafiə etmişdir.
Ötən il rayonda geniş sosial layihələr həyata keçirilmişdir. Zərdabda bütün işlər eyni ahənglə davam etdirilmişdir. Yeni su xəttinin çəkilişi nəticəsində şəhərimizdə artıq 3000-dən çox ailə təmiz içməli sudan istifadə edir. Bu ilin əvvəlində 4 yaşayış məntəqəsində qaz xəttinin açılışı olub. Artıq 10 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir. Qaz xəttinin çəkilişi davam edir. Zərdab-Mollakənd, Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yollarına yeni asfalt örtük döşənmiş, şəhər mərkəzində işıqlandırma sistemi yenidən qurulmuş, park və xiyabanlarda, küçələrdə geniş abadlıq və quruculuq işləri həyata keçirilmiş, yeni obyektlər tikilmişdir. Ötən il Çallı, İsaqbağı, Aşağı Seyidlər kənd məktəbləri tikilib istifadəyə verilmişdir.
Görülən bütün işlərə görə zərdablılar möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdardırlar. Bütün bu işlər bu gün də davam etdirilir. Mərkəzi rayon xəstəxanası əsaslı təmir olunur. Yaxın günlərdə 2 uşaq bağçasının tikintisinə başlanılacaqdır. Hazırda baytarlıq İdarəsi, “Aqrolizinq” ASC-nin rayon aqroservis filialının binası, süd məhsulları emalı zavodu və Suvarma Sistemləri İdarəsində ofis binası açılışa hazırdır. Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir olunur.
İnanırıq ki, ölkə Prezidenti tərəfindən “Sənaye ili” elan edilmiş 2014-cü il də Zərdab və zərdablılar üçün düşərli olacaqdır.
İnsanların qurub-yaratmaq əzmi, yüksək əhval-ruhiyyəsi, xoş ovqatı, səmimi, işgüzar münasibəti və sabaha olan ümidləri də bunu təsdiq edir və Zərdabi yurdunun daha firavan, daha abad və yaraşıqlı gələcəyindən xəbər verir.
Bu milli bayram günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Ulu yaradandan rəhmət, ailələrinə səbir diləyirəm.
Bu əziz, müqəddəs Novruz bayramının yurdumuza qədəm qoyması münasibətilə Silahlı Qüvvələrimizin sıralarında sərhədlərimizin keşiyini çəkən zərdablı hərbçi övladlarımızı, ev-eşiyindən, isti ocağından ayrı düşmüş məcburi köçkünlərimizi təbrik edir, onlara xoş bayram əhval ruhiyyəsi arzulayıram. İnanırıq ki, Dövlətimizin Başçısının diplomatik səyi nəticəsində 2014-cü il Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında dönüş ili olacaqdır.
Mən ziyalılarımızı, veteranlarımızı, ağsaqqallarımızı, ana və bacılarımızı təbrik edirəm, hər kəsə sevincli günlər arzulayıram!
Bu əziz gündə bütün zərdablıları Bahar müjdəli Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hamınıza möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulayır, hər bir evə və ailəyə bol-bol ruzi, bərəkət, xalqımıza sülh və əmin-amanlıq diləyirəm.
Bahar təravətli Novruz bayramınız mübarək olsun, əziz zərdablılar!