ZƏRDABDA MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU
Bu gün Zərdabda Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilib.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin respublikanın milli təhlükəsizlik orqanlarında fəaliyyətini əks etdirən videolentə tamaşa ediblər.
Yığıncağı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev qeyd edib ki, Azərbaycanda Dövlət Təhlükəsizliyi Komitəsi ümummilli liderimiz Heydər Əliyevin bu quruma rəhbərlik etdiyi dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra 1991-ci ildə noyabrın 1-də Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi təsis olunsa da, bu mühüm dövlət strukturunun həyatında əsl işgüzar şərait görkəmli dövlət xadimi, 25 ildən artıq bu orqanda çalışmış Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra yaradılmışdır. Bu gün də ölkənin xüsusi xidmət orqanları dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Rayonumuzda da artıq 5-ci ildir ki, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi fəaliyyət göstərir. Rayon şöbəsinin yeni inzibati binasının tikintisində artıq son tamamlama işləri aparılır. İcra başçısı əmin olduğunu bildirdi ki, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi bundan sonra da ictimaiyyətlə sıx əlaqəni möhkəmləndirərək vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində səmərəli fəaliyyət göstərəcəkdir.
Sonra Milli Təhlükəsizlik Nazirliyi Zərdab rayon şöbəsinə Rayon İcra Hakimiyyəti başçısının təbrik məktubu oxundu və şöbənin əməkdaşlarına Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.
MTN-nin rayon şöbəsinin rəisi Aslan Rəhimov “Milli Təhlükəsizlik Nazirliyi milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir” mövzusunda məruzə edərək təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan danışıb. O, qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları bu qurumun xalqa, Vətənə sadiq, milliləşdirilmiş bir orqana çevrilməsində müstəsna xidmətləri olan Ümummilli liderimiz Heydər Əliyev məktəbinin ənənələrini layiqincə yaşadır və davam etdirirlər.
Digər çıxış edənlər peşə bayramı günü münasibətilə rayonun bütün təhlükəsizlik orqanları işçilərini təbrik ediblər.