Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA 31 MART SOYQIRIMI QURBANLARI YAD EDİLDİ

01 aprel 2014 | 15:00

Zərdab rayonunda Azərbaycanlıların soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib. 29 mart 2014-cü il tarixdə şəhidlərin xatirə parkında 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı xatirə kompleksi önünə bağça uşaqlarının və məktəblilərin iştiraklı ilə gülqoyma mərasimləri keçirilib. Rayonun bütün idarə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımı qurbanları anılıb.
Mart ayının 30-da rayon gənclərinin və YAP fəallarının bir qrupu Quba kütləvi məzarlığını ziyarət ediblər.
Bu gün isə Azərbaycanlıların soyqırımı ilə bağlı  ümumrayon anım mərasimi keçirilib. Rayon rəhbərliyi və hüquq mühafizə orqanlarının rəhbərləri Azərbaycanlıların soyqırımına həsr olunmuş rəsmlərə və divar qəzetlərinə baxıblar. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidlərin xatirə parkını ziyarət edərək Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyub.
Rayon İcra Hakimiyyətində davam etdirilən mərasimdə İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, 19-cu əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqələrini viran etmiş, bir milyondan artıq soydaşımızı soyqırıma məruz qoymuşlar. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 96 il ötür. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi.
Müasir Azərbaycan dövlətinin yaradıcısı Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Respublika Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev torpaqlarımızın erməni işğalından azad olunması üçün böyük işlər görür. Dünyanın ən böyük dövlətləri və bütün mütərəqqi qüvvələri ilə danışıqlar aparır, münaqişənin sülh yolu ilə həllinə çalışır.
Natiq qeyd etdi ki, xalqımızın başına gətirilən bu müsibətlərin beynəlxalq aləmdə həqiqi qiymətini alması istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır.
Digər çıxış edənlər bildiriblər ki, erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
Gün ərzində rayonun bütün məscidlərində soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunub.

Keçidlər