Zərdabda “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” adlı tədbir keçirildi
23 aprel 2014-cü il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyinə həsr olunmuş “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” adlı tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın həyatını və elmi fəaliyyətini əks etdirən foto, kitab sərgisinə baxdılar.
Daha sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmiş, Zərifə xanım Əliyeva haqqında filmə baxmışlar.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova giriş sözü ilə açaraq qeyd etmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 91 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir, elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
Tədbirdə çıxış edənlər Zərifə xanımın tibb elmindəki nailiyyətləri ilə bərabər, həm də sədaqətli ömür-gün yoldaşı, gözəl ana olmasından bəhs ediblər. Qeyd olundu ki, həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, ailə üzvlərinə qarsı səmimiliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirmiş, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirmişdir.
Tədbiri Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev məktəbinin şagirdləri davam etdirmişlər.