ZƏRDABDA ÇERNOBIL ƏLİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ
26 aprel 2014-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərov hadisənin yaratdığı fəsadlardan söhbət açıb. Bildirib ki, hadisə nəticəsində 7 min insan vəfat edib, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan, o cümlədən Zərdabdan da ümumilikdə 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Hadisədən artıq 28 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Natiq qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk imzaladığı sənədlərdən biri 1993-cü il dekabrın 6-da “Çernobıl iştirakçılarının sosial müdafiəsi haqqında” Qanun olmuşdur. Bu, Çernobıl iştirakçılarına göstərilən diqqət və qayğının təzahürü olmaqla, həmin insanlara xeyli güzəştlərin tətbiqinə imkan yaratmışdır.
Hazırda da Azərbaycan dövləti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü rəhbərliyi sayəsində gündən-günə inkişaf edir, qüdrətlənir və sözsüz ki, dövlətimizin maliyyə imkanları artdıqca əhalinin sosial müdafiəsi tədbirləri də genişlənir. Bu tədbirlərdə Çernobıl iştirakçıları o cümlədən də Zərdab rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar da unudulmurlar.
Tədbirin sonunda 20-dən artıq Çernobıl əlilinə yardımlar edilib.
Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.