Zərdabda körpələr evi-uşaq bağçaları uşaqlarının yaradıcılıq fəaliyyətlərinə baxış keçirildi
07 may 2014-cü il tarixdə Zərdab şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının uşaqlarının yaradıcılıq fəaliyyətlərinə baxış keçirildi. Tədbirdə rayonda fəaliyyət göstərən 19 körpələr evi-uşaq bağçası iştirak etdi.
Mərasim iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Ulu Öndərin fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verdi. Bildirdi ki, H. Əliyev şəxsiyyətinin dahiliyi, onun əvəzolunmazlığını sübut edən ən birinci fakt məhz odur ki, o böyüklərə nə qədər sərt və tələbkar idisə, eyni zamanda uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli idi. O, uşaqları hədsiz sevgi ilə sevir və onların hər birinə öz balası kimi münasibət bəsləyirdi. Heydər Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yararlı olmalarına çalışırdı. O, hər zaman "Uşaqlar bizim gələcəyimizdir" deyirdi və vurğulayırdı ki, əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə gərək uşaqlara xüsusi diqqət yetirsin. Bu da Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Natiq daha sonra qeyd etdi ki, bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə məktəbəqədər təhsilin inkişafına göstərilən diqqət və qayğı bizim rayonumuzda da öz nəticəsini göstərməkdədir. Son illər rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Şəhər 1, 2, 3 nömrəli körpələr evi-uşaq bağçalarının yerləşdiyi binalar əsaslı təmir edilmiş, Qoruqbağı kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib istifadəyə verilmiş, Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının yerləşdiyi bina yenidən qurulmuş və əsaslı təmir edilmiş, bağçanın bütün inventar və avadanlıqları yeniləri ilə əvəz edilmişdir. Hazırda Dəkkəoba kənd körpələr evi-uşaq bağçasının binasında təmir işləri aparılır. Zərdab şəhəri ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 ədəd körpələr evi-uşaq bağçası tikilir.
Daha sonra bağça uşaqlarının əl işlərindən ibarət sərgiyə, onların hazırladıqları rəqs və musiqi nömrələrinə, digər yaradıcılıq fəaliyyətlərinə baxış keçirildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.