Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ŞUŞADAN OLAN MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

09 may 2014 | 15:00

08 may 2014-cü il tarixdə Şuşa şəhərinin işğal olunmasının 22-ci ildönümü münasibətilə Zərdab Rayon İcra Hakimiyyətində Şuşadan olan məcburi köçkünlərlə görüş keçirildi.
Görüşdə çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, rayon ərazisindəki müəssisələrin əmək kollektivlərində Şuşanın işğalı ilə bağlı silsilə tədbirlər keçirilib. Bu gün isə məhz Şuşa rayonundan olan məcburi köçkünlərlə görüş keçirilir.
Natiq qeyd etdi ki, başdan-başa tarixi abidələr şəhəri, musiqi mədəniyyətimizin beşiyi, təbii  alınmaz qala olan Şuşanın işğalından 22 il keçir.
Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.
Şuşanın işğalı  nəticəsində  şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məcburi köçkün həyatı yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlər görülmüşdür.
Hazırda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən də bu tədbirlər uğurla həyata keçirilir.
İcra başçısı bildirdi ki, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diplomatik səyi nəticəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Şuşa şəhəri yaxın vaxtlarda işğaldan azad olunacaqdır.
Görüşdə çıxış edən məcburi köçkünlər daim onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda məcburi köçkün ailələrinə maddi yardımlar olundu.

Keçidlər