ZƏRDAB RAYON MƏŞĞULLUQ MƏRKƏZİNDƏ DƏYİRMİ MASA
08 may 2014-cü il tarixdə Zərdab rayon Məşğulluq Mərkəzində “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydaları” barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmkarlar ittifaqı təşkilatının nümayəndələri, məktəb direktorları, müəssisə rəhbərləri, Zərdab rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etdilər.
Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov çıxış edərək bildirdi ki, Dövlət Məşğulluq siyasətinin əsas icraçısı Məşğulluq Xidməti orqanları olsa da, müvafiq qanunvericilik bu sahədə işəgötürənlərin də üzərinə müəyyən öhdəliklər qoyur. “Məşğulluq Haqqında” Qanuna əsasən işəgötürənlər məşğulluğa dair statistika hesabatı təqdim etməklə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar” üçün müəyyən olunmuş kvota yerlərinə həmin kateqoriyadan olan vətəndaşların işə düzəldilməsinə köməklik göstərməklə işəgötürənlərin Dövlət Məşğulluq siyasətinin həyata keçməsində bilavasitə iştirakçı olurlar.
Çıxış edənlər belə tədbirin keçirilməsinin vacibliyini vurğuladılar və “Məşğulluq Haqqında” Qanunun tələbləri baxımından hesabatları vaxtında, düzgün və tam olaraq təqdim edəcəklərini, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi sahəsində səlahiyyətləri daxilində köməklik edəcəklərini bildirdilər.