Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ULU ÖNDƏRİN ANADAN OLMASININ 91-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB

11 may 2014 | 15:00

Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonda silsilə tədbirlər keçirilib. Rayonun Dəkkəoba kəndində əsaslı təmir olunmuş 35 yerlik körpələr evi-uşaq bağçasının binasının, 35 yerlik Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının yeni korpusunun, əsaslı təmir olunmuş 80 şagird yerlik Otmanoba kənd ümumi orta məktəb binasının açılış mərasimləri keçirilib. Sonra şəhərin “32 hektar” adlanan ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 50 yerlik körpələr evi-uşaq bağçası binasının təməlqoyma mərasimi keçirilib. Mərasimlərdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələr, verdiyi tapşırıq və tövsiyələr Zərdab rayonunda da böyük diqqət, səy və ardıcıllıqla həyata keçirilir. Qeyd edildi ki, elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında bu sahəyə xüsusi diqqətin yetirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.  Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə reallaşdırılan təhsil siyasətinin dünəninə və bu gününə diqqət yetirmək kifayətdir. İcra başçısı vurğuladı ki, son illər ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin təhsil sistemində başladığı islahatlar nəticəsində ölkədə təhsil müəssisələri üçün yeni binaların inşası, təmiri və yeni avadanlıqlarla təchiz edilməsi sahəsində xeyli iş görülür. Hazırda ölkə ərazisində yeni təhsil müəssisələrinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı sahəsində davamlı işlər görülür. Bu gün Azərbaycanın elə regionu yoxdur ki, orada hər hansı bir təhsil müəssisəsi üçün bina tikilməsin, mövcud binalar təmir edilməsin.
Daha sonra tədbirlər Heydər Əliyev parkında davam etdirilib. Zərdablılar Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Mərasimdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ümummilli liderin həyat və fəaliyyəti barədə məlumat verən Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 1969-cu ildə siyasi hakimiyyətə “Qoy ədalət zəfər çalsın” devizi ilə gələn Heydər Əliyev saf əməlləri ilə bütün ömrünü öz doğma xalqına bağışladığına görə dahilik zirvəsini fəth etmiş, Azərbaycan tarixinə öz şərəfli adını qızıl hərflərlə yazmışdır. Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması  kimi daxil olmuşdur. Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir ki, onun keçdiyi həyat yolu xalqının dünənini, bu gününü və sabahını aydın göstərir. 45 il öncə Ulu Öndərin respublikamızda ilk dəfə siyasi rəhbərliyə gəlməsi Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açmışdır. Təsadüfi deyil ki, həmin illər respublikamızın intibah dövrü kimi səciyyələnir. Və təbiidir ki, bugünkü Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır.
Bildirildi ki, çox gərgin iş rejiminə baxmayaraq Ulu Öndər Heydər Əliyev tez-tez respublikanın bölgələrində olmağa və əhali ilə yerlərdə görüşlərə də vaxt tapırdı. 29 may 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin Kür çayının həddindən çox qalxması ilə bağlı məhz Zərdaba səfərini və onun xilaskarlıq missiyasını zərdablılar bu gün də dərin minnətdarlıq hissi ilə xatırlayırlar. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra xalqına layiqincə xidmət edə biləcək bir siyasi varis yetişdirməsidir. 2003-cü, 2008-ci və 2013-cü illərdə Ulu Öndərin layiqli varisi İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev yolunun düzgünlüyünü, Heydər Əliyev ideyalarının ölməzliyini, bu siyasi kursun möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsini bir daha təsdiqlədi. Ölkə Prezidentinin həyata keçirdiyi düzgün sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz günü-gündən inkişaf edir, çiçəklənir. Natiq qeyd etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi bütün Azərbaycan xalqı kimi zərdablıların da qəlbində əbədi yaşayacaq və Azərbaycan xalqını daha xoşbəxt günlərə qovuşduracaqdır.
Tədbirlərdə “Şöhrət” ordenli, əməkdar elm xadimi, görkəmli akademik Teymur Bünyatov iştirak və çıxış etdi.
Daha sonra rayonun təhsil, mədəni-maarif müəssisələrinin bədii özfəaliyyət yaradıcılıqlarına və parkda təşkil olunmuş kitab bayramına baxış keçirildi.
Mərasim rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş böyük konsert proqramı ilə davam etdirildi.

Keçidlər