ZƏRDABDA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNUB
23 iyun - Dövlət Qulluqçularının peşə bayramı Zərdabda qeyd olunub. Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Dövlət qulluqçularının peşə bayramı münasibətilə təşkil olunan toplantıda Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev “Xalqa və dövlətə layiqli xidmət nümunəsi” mövzusunda məruzə edib. Bildirib ki, dövlətin daxili və xarici siyasətinin həyata keçirilməsində mühüm rol oynayan dövlət qulluqçularının peşə bayramlarının təsdiq edilməsi mühüm hadisə olmaqla, bu sahədə çalışan insanların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı müstəsna roluna verilən yüksək qiymətdir. Hər bir dövlətdə siyasi sistemin mahiyyətini onun dövlət məmurlarının fəaliyyəti formalaşdırır. Etimad göstərilərək irəli çəkilən dövlət məmuru yerində olanda, xalqın mənafeyi naminə əzmlə işləyəndə dövlət idarəçilik sisteminin seçki və işlək mexanizmlər üzərində qurmaq da asan olur. Azərbaycanın dövlətçilik tarixində böyük rolu olan ümummilli liderimiz Heydər Əliyev kadr seçimində təkcə ideya-siyasi, intellektual meyarlara deyil, eyni zamanda milli-mənəvi dəyərlərə əsaslanıb. Yüksək işgüzar, savadlı, qabiliyyətli və mənəvi keyfiyyətləri, əqidə təmizliyi ilə cəmiyyətə, dövlətə xeyir verə biləcək istedadlı kadrların dövlət idarəçiliyində irəli çəkilməsi, onların səmərəli fəaliyyətinə imkan və şəraitin yaradılması məsələsi ulu öndərimizin dövlətçilik ideyasının başlıca məzmunu olub. Hazırda ölkə Prezidenti cənab İlham Əliyev də kadrların məsuliyyətinə, onların dövlət və ictimaiyyət qarşısında daşıdığı hüquqi, mənəvi öhdəliklər məsələsinə ciddi önəm verir. Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövrün vəzifələrini həll etməyə qadir müasir, yeni təhsil və elm mərkəzi olmaqla dövlət quruculuğu prosesinin təkmilləşdirilməsi üçün kadrlar hazırlayır. Hazırda Zərdabda 12 təşkilatda 200 nəfərdən çox dövlət qulluqçusu fəaliyyət göstərir. Təkcə Rayon İcra Hakimiyyətində 30 nəfərdən çox dövlət qulluqçusu çalışır ki, onların da 60 faizini gənclər təşkil edir.
Bir qrup fəal dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Toplantıda çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən qiymətə görə Dövlətimizin başçısına minnətdarlıq ediblər.