Şriftin ölçüsü :

Saytın rəngi :

20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

17 sentyabr 2026 | 12:01

Zərdab Rayon İcra Hakimiyyətində 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə 20 Sentyabrın Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasını təcəssüm etdirən əlamətdar tarix olduğunu bildirib. Qeyd olunub ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüz bərpa edilib, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə dövlət suverenliyimizin ölkəmizin bütün ərazisində tam təmin olunmasına nail olunub. Rayon rəhbəri bu tarixi nailiyyətin xalqımızın milli iradəsinin, həmrəyliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi olduğunu vurğulayıb. Bildirilib ki, bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və Böyük Qayıdış proqramı uğurla həyata keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi Vasif Həziyev çıxışında 20 Sentyabrın dövlət suverenliyinin tam bərpa olunmasının rəmzi kimi xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Vətən müharibəsində Zərdab rayonundan olan hərbçilərin göstərdiyi qəhrəmanlıq və şücaətin rayon sakinlərinin Vətənə bağlılığının bariz nümunəsi olduğunu bildirib.

Sonda Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən bəhs olunaraq, müstəqil və suveren Azərbaycanın daha da inkişaf etdirilməsi, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun gənc nəsil arasında təbliğinin vacibliyi vurğulanıb.

Keçidlər