Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib

20 yanvar 2026 | 13:50

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “Tədbirlər Planı”na uyğun olaraq ümumrayon tədbiri keçirilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, yerli icra və bələdiyyə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlərin Xatirə parkında 20 Yanvar şəhidlərinin xatirəsinə inşa olunmuş abidə ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş, şəhid olmuş vətən övladlarının ruhlarına dualar verilib, əziz xatirələri dərin ehtiramla yad edilib. 

Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımıza qarşı törətdiyi qanlı terrordan danışaraq qeyd edib ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixində Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. Ulu Öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. İcra başçısı 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunduğunu vurğulayıb. 

Sonra Milli Məclisin deputatı Jalə xanım Əliyeva çıxış edərək, 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu bildirib. 20 Yanvar hadisələrinin həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu, bu faciənin xalqımızın azadlıq və suveren dövlət qurmaq əzmini daha da möhkəmləndirdiyini, milli məfkurənin formalaşmasında dönüş nöqtəsi olduğunu, Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Sonda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş video çarx nümayiş etdirilib. 

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər