Zərdabda xeyriyyəçilik aksiyasi keçirildi
Əslən Zərdab rayonundan olan akademik Böyükkişi Ağayevin rəhbərlik etdiyi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin 10 nəfərdən ibarət həkim briqadası hər il olduğu kimi bu ilin 01-03 iyun tarixlərində növbəti dəfə Zərdab rayonunda olmuşlar və xeyriyyəçilik aksiyası keçirmişlər. Mərkəzi Rayon Xəstəxanasında keçirilən aksiya zamanı kardioloq, endokrinoloq, endoskopiya, kardiocərrah, USM, cərrah-rezident və digər ixtisasdan olan həkimlər tərəfindən 3 gün ərzində 523 nəfər xəstə müayinə, müalicə olunmuş və 5 nəfər əməliyyat edilmişdir.
Xəstələr və bütün zərdablılar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə və respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq etmişlər. Bu aksiya hər il davam etdiriləcəkdir. Aksiyanın ilk günündə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar Rayon Mərkəzi Xəstəxanasında keçirilən görüşdə iştirak etmişlər.