Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA 2014-CÜ İLİN BİRİNCİ YARISININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

19 iyul 2014 | 15:00

18 iyul 2014-cü il tarixdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Respublika Prezidenti  cənab İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin birinci yarısında rayonda  görülən işlər və qarşıda duran vəzifələr haqqında” Zərdab Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov hesabat məruzəsi ilə çıxış etdi.
Bildirdi ki, Respublikamızda gedən sürətli və davamlı inkişaf prosesi 6 ayın nəticələrinə görə rayonumuzda da  müşahidə olunub. Ötən müddət ərzində Zərdabda xeyli işlər görülüb və bu işlər hazırda da davam etdirilir.
Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərib.
2014-cü ilin birinci yarımilində rayon iqtisadiyyatının əsas sahələrində 48 milyon 227 min 200 manatlıq məhsul istehsal edilib.
Natiq vurğuladı ki, xüsusilə, son dövrdə rayonun sosial mənzərəsinin gözəlləşdirilməsi istiqamətində xeyli işlər görülüb, şəhər və kəndlərimizdə tikinti-quruculuq işlərinin həcmi genişləndirilib, insanların sosial problemlərinin həlli yolunda mühüm addımlar atılıb. Rayonun kəndlərinə qaz xəttinin çəkilişi davam etdirilib. İlin birinci 6 ayında rayonun Gəlmə, Salahlı, İsaqbağı və Böyük Dəkkə kəndlərində qaz xətti istifadəyə verilib. Xanməmmədli, Hüseynxanlı, Pərvanlı, Yarməmmədbağı, Lələağacı, Gödəkqobu, Məmmədqasımlı, Qoruqbağı və digər kəndlərə qaz xəttinin çəkilişi davam edir. Zərdablıların xeyli hissəsi artıq ekoloji cəhətdən təmiz içməli sudan istifadə edirlər.
Rayonda aparılan tikinti-quruculuq işləri uğurla davam etdirilir. Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin inzibati binasında son tamamlama işləri görülür. Mərkəzi Rayon Xəstəxanasının binasında əsaslı təmir işləri davam edir. Kür sahili bulvarda abadlıq işləri görülür, 15-ci məhəllədə yollar təmir olunur, Heydər Əliyev parkının işıqlanma sistemi yenidən qurulur. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin tikintisinə başlanılmış, yeni yaradılacaq Kənd Təsərrüfatı İdarəsinin binasının tikintisinə hazırlıq işləri aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayon ərazisində 2 ədəd körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir.
Üçüncü Dövlət Proqramı çərçivəsində rayonumuzda yol tikintisi davam etdiriləcək, şəhər ümumi orta məktəbi, Gəlmə kənd körpələr evi-uşaq bağçası üçün yeni bina tikiləcək, şəhər 1 nömrəli məktəb-liseyin binası təmir olunacaq. Digər çoxsaylı işlər görüləcək.
Əsasən aqrar rayon olan Zərdabda bu il rekord səviyyədə - 50 min tona qədər məhsul və ya adambaşına 1 tona yaxın buğda və arpa istehsal olunub.
Təhsil, səhiyyə, mədəniyyət sahəsində işlər uğurla davam edir. Gənclərlə iş, onların idmana geniş cəlb olunması daim nəzarətdədir.
Qeyd edildi ki, rayonda bütün işlər uğurla icra olunur. Və bunlar deməyə əsas verir ki, zərdablılar 2014-cü ildə də əvvəlki illərin ənənəsini qoruyub saxlayacaq, hər bir sahədə yeni uğurlara imza atılacaqdır. Bunun üçün hər bir sahədə nizam-intizam yüksəldilməli, məsuliyyət artırılmalı, hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olundu.
Yığıncaqda Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı Soltan Sadıqov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Canpolad Vəliyev, Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2014-cü ilin birinci yarısında ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Müzəffər İxtiyarov çıxış etdilər.
Yığıncaqda qarşıda duran vəzifələr müəyyənləşdirildi, müvafiq qərar qəbul olundu.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər