Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat günü Zərdabda qeyd olundu

22 iyul 2014 | 15:00

Milli Mətbuat günü Zərdabda qeyd olundu

22 iyul Milli Mətbuat günü münasibətilə Milli Mətbuatımızın banisi Həsən Bəy Zərdabinin vətənində tədbir keçirilib.
Öncə mətbuat işçiləri Ulu öndər Heydər Əliyevin və Həsən Bəy Zərdabinin abidələrini ziyarət etmiş, abidələr önünə gül-çiçək dəstələri qoyulmuşdur. Heydər Əliyev Mərkəzi və Həsən Bəy Zərdabi Muzeyi ilə tanış olmuşlar
Sonra tədbir Rayon İcra Hakimiyyətində davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov “Əkinçi” qəzetinin kollektivini salamlayaraq onları Rayon İcra Hakimiyyətinin Başçısı cənab Lütvəli Babayevin adından təbrik etmiş, onlara uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzulamışdır.
Qeyd olunmuşdur ki, Ötən illər ərzində Həsən Bəy Zərdabi ideyalarını yaşadan və “Əkinçi” ənənələri ilə qidalanan Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçərək çox böyük inkişaf səviyyəsinə yüksəlmiş, söz və mətbuat azadlığı sahəsində dünyanın aparıcı demokratik ölkələri ilə müqayisə oluna biləcək tərəqqiyə çatmışdır. Respublikamıza mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanlar yaradılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə mətbuat hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, senzura ləğv edilmiş, kütləvi informasiya vasitələrinin, o cümlədən qəzet redaksiyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin məntiqi nəticəsidir ki, hazırda ölkəmizdə ədalətli və azad sözün qarşısında bütün maneələr aradan qaldırılmış, jurnalistlərin öz peşə bayramlarını layiqincə qeyd etmələri üçün normal şərait yaradılmışdır. Dövlət başçısının daimi diqqət və qayğısı ilə Azərbaycanda Həsən Bəy Zərdabi irsi, “Əkinçi”nin ənənələri layiqincə yaşadılır.
Milli Mətbuatımızın banisi, həmyerlimiz H.B.Zərdabinin və yaratmış olduğu “Əkinçi”nin qəzetçilik ənənələri rayonumuzda da uğurla davam etdirilir.
Rayon rəhbərliyi daim “Əkinçi” qəzetinə, qəzet redaksiyasının texniki təchizatının yaxşılaşdırılmasına, qəzetin tərtibatının müasirləşdirilməsinə və daha oxunaqlı çıxmasına, redaksiya işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə qayğı ilə yanaşır. Son vaxtlar qəzetin abunəçilərinin sayının artırılması, kollektiv üçün yeni, işləmək üçün daha normal şərait olan otaqların ayrılması, qısa müddətdə “Əkinçi”nin çoxsaylı rəngli nömrələrinin çap edilməsi bu qayğının bariz nümunəsidir.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə H.B.Zərdabi muzeyinin binasının əsaslı təmiri və bədii tərtibatının yeniləşdirilməsi zərdablılar tərəfindən hədsiz sevinc və ölkə rəhbərinə dərin minnətdarlıq hissi ilə qarşılanmışdır.
Toplantıda ötən il “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədovun Ali Media Mükafatına layiq görülməsi minnətdarlıqla qeyd olunmuşdur.
Qəzet işçilərinə Rayon İcra Hakimiyyəti başçısının təbrik məktubu təqdim olunmuş və onlar bir aylıq əmək haqqı həcmində mükafatlandırılmışlar.
Sonda “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov mətbuata göstərilən diqqət və qayğıya görə ölkə prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər