İcra başçısı sakinlərlə görüşdü
2014-cü il avqust ayının 26-da Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin Zərdab şəhərinin, Qoşaoba kəndinin və Təzəkənd kəndinin bir qrup sakinləri ilə görüşü keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə sakinlərə ətraflı məlumat verdi.
Bildirdi ki, respublikamızda gedən sürətli inkişaf Zərdab rayonundan da yan keçməyib. Natiq vurğuladı ki, xüsusilə, son dövrdə rayonun sosial mənzərəsinin gözəlləşdirilməsi istiqamətində xeyli işlər görülüb, şəhər və kəndlərimizdə tikinti-quruculuq işlərinin həcmi genişləndirilib, insanların sosial problemlərinin həlli yolunda mühüm addımlar atılıb. Rayonun kəndlərinə qaz xəttinin çəkilişi davam etdirilib. Təkcə bu ilin ötən dövrü ərzində rayonun Gəlmə, Salahlı, İsaqbağı və Böyük Dəkkə kəndlərində qaz xətti istifadəyə verilib. Xanməmmədli, Hüseynxanlı, Pərvanlı, Yarməmmədbağı, Lələağacı, Gödəkqobu, Məmmədqasımlı, Qoruqbağı və digər kəndlərə qaz xəttinin çəkilişi davam edir. Zərdablıların xeyli hissəsi artıq ekoloji cəhətdən təmiz içməli sudan istifadə edirlər. Sakinlərin uzun müddət arzuladıqları Zərdab-Yuxarı Seyidlər-Siləyli və Zərdab-Mollakənd avtomobil yolları yenidən qurulub. Son illərdə Zərdabda 16 müasir məktəb binası, 1 körpələr evi-uşaq bağçası, 1 Uşaq İncəsənət Məktəbi tikilib. Hazırda Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda hər biri 50 uşaq yerlik olmaqla 2 körpələr evi-uşaq bağçasının tikintisi aparılır. Həyata keçirilən tədbirlər nəticəsində 3000 nəfərdən çox məktəblinin təhsil şəraiti əsaslı surətdə yaxşılaşdırılmışdır.
Rayonda aparılan tikinti-quruculuq işləri hazırda da uğurla davam etdirilir.
Üçüncü Dövlət Proqramı çərçivəsində rayonda yol tikintisi davam etdiriləcək, şəhər ümumi orta məktəbi, Gəlmə kənd körpələr evi-uşaq bağçası üçün yeni bina tikiləcək, şəhər 1 nömrəli məktəb-liseyin binası təmir olunacaq. Digər çoxsaylı işlər görüləcək.
Ümumilikdə son 7 ildə Zərdabda 330-dan çox obyekt yeni tikilmiş, əsaslı təmir olunmuş və ya yenidən qurulmuşdur.
Daha sonra sakinlər çıxış edərək, rayonda gedən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər. Onları narahat edən bəzi məsələləri – şəhər və Qoşaoba kənd əhalisi üçün yeni qəbiristanlığın salınmasının vacibliyini diqqətə çatdırmaqla, küçələrin asfaltlanması, işıqlandırılması, həyətyanı və pay torpaqlarının suvarma suyu ilə təminatındakı çətinliklərin aradan qaldırılması üçün lazımi köməklik göstərilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin həllinə dair aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.