Zərdab rayon təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir
02 sentyabr 2014-cü il tarixdə Zərdab rayon təhsil işçilərinin konfransı keçirilmişdir.
Rayon Təhsil Şöbəsi müdirinin müavini Elşad Kərimov 2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir. Məruzədə qeyd edilmişdir ki, rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 9 ümumi orta, 6 ibtidai məktəb fəaliyyət göstərir. Məktəblərdə 7 min nəfərə yaxın şagird təhsil alır ki, onları təlim-tərbiyəsi ilə min nəfərə yaxın pedaqoji işçi məşğul olur. Yeni dərs ilində rayonun təhsil müəssisələrinin 1-ci siniflərinə 725 nəfər şagirdin qəbul olunacağı gözlənilir.
Hazırda rayonun ümumtəhsil məktəblərində 7 nəfər “Əməkdar”, 5 nəfər “Tərəqqi” medallı müəllim fəaliyyət göstərir. Keçən dərs ilinin yekunlarına görə ümumtəhsil məktəblərinin 11-ci siniflərini 437 nəfər bitirmiş, onlardan 126 nəfəri ali məktəblərə qəbul olmuşdur. 4 nəfər məzun 600-dən yuxarı bal toplamışdır.
Respublika Təhsil Nazirliyinin nümayəndəsi Avaz Yusifov konfransda çıxış edərək son dərs ilində Zərdab rayon təhsilində əldə olunmuş uğurlardan, eləcə də mövcud nöqsan, çatışmazlıqlardan danışmış, yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini söyləmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev konfransda çıxış edərək bildirmişdir ki, cənab Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğı Zərdab rayonunda öz təsdiqini tapmışdır.
Son 10 ildə rayonda 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilmiş, 2 tam orta məktəb binası əsaslı təmir edilmişdir. Cari ildə Körpükənd kənd tam və Otmanoba kənd ümumi orta məktəbləri təmir edilmişdir.
Son illərdə şəhər 1, 2, 3 saylı, Dəkkəoba və Böyük Dəkkə kənd körpələr evi – uşaq bağçalarının yerləşdiyi binalar əsaslı təmir edilmiş, Qoruqbağı kənd körpələr evi –uşaq bağçası üçün yeni bina tikilmişdir.
3-cü Dövlət Proqramına əsasən yaxın vaxtlarda şəhər ümumi orta məktəbi və Gəlmə kənd körpələr evi – uşaq bağçası üçün yeni binanın tikintisinə, şəhər 1 saylı tam orta məktəbin əsaslı təmirinə başlanılacaqdır.
Sonda Konfransın qətnaməsi təsdiq edildi və cənab Prezident İlham Əliyevin ünvanına müraciət qəbul edildi.