Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ

08 sentyabr 2014 | 15:00

Bu gün Zərdab Rayon İcra Hakimiyyətində 2014-cü ildə ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olunmuş məzunlarla rayon rəhbərliyinin görüşü keçirilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülüb. Qeyd olundu ki, son 10 ildə rayonda 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilib, 2 tam orta məktəb binası əsaslı təmir edilib. Cari ildə Körpükənd kənd tam və Otmanoba kənd ümumi orta məktəbləri təmir edilib. 3-cü Dövlət Proqramına əsasən yaxın vaxtlarda şəhər ümumi orta məktəbi və Gəlmə kənd körpələr evi – uşaq bağçası üçün yeni binanın tikintisinə, şəhər 1 saylı tam orta məktəbin əsaslı təmirinə başlanılacaqdır.
İcra başçısı bildirdi ki, 2007-ci ildə rayon üzrə cəmi 47 nəfər məzun ali məktəbə qəbul olmuşdursa, bu il bu göstərici 131 nəfər olub, 4 nəfər məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb. O cümlədən 3 nəfər məzun ali hərbi məktəbə, 1 nəfər məzun isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunub.
Natiq qeyd edib ki, cənab Prezidentin tapşırığına əsasən artıq ikinci ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının bölgələrdə keçirilməsi imtahanlarda iştirak edən məzunlarda yüksək əhval-ruhiyyə yaradıb.
Görüşdə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.
Sonda yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə və qabaqcıl təhsil işçilərinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər