Heydər Əliyev Mərkəzində “Sülh inkişafın əsas təməlidir” mövzusunda dəyirmi masa keçirilib
Məlum olduğu kimi, hər ilin 21 sentyabr tarixi dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd edilir. Ölkəmizdə isə Beynəlxalq Sülh Günü ərəfəsində "Sülh aylığı" keçirilir.
18 sentyabr 2014-cü il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində “Sülh inkişafın əsas təməlidir” mövzusunda dəyirmi masa keçirilib.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbiri açaraq qonaqları salamlayıb, 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı”nın elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, Azərbaycan Ombudsmanı da fəaliyyətində sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirir, müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da genişləndirir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş və uğurla icra olunan İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə müəyyən işlərin görüldüyü vurğulanıb.