Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı yığıncaq keçirildi

25 sentyabr 2014 | 15:00

25 sentyabr 2014-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin iclas zalında “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda rayon rəhbərliyi ilə yanaşı, idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli icra və bələdiyyə qurumlarının, ictimaiyyətin nümayəndələri - 250 nəfər iştirak etmişdir.
Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev geniş nitq söyləmişdir.
Natiq öncə 20 sentyabr 2014-cü il tarixdə Bakı şəhərində, möhtəşəm Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyinə həs olunmuş təntənəli mərasim barədə toplantı iştirakçılarını məlumatlandırmış, təntənəli yığıncaqda ölkə başçısı cənab İlham Əliyevin çıxışında səslənən fikirlərlə, çoxsaylı xarici ölkə nümayəndələrinin iştirak etməsi ilə bağlı iştirakçıları məlumatlandırmışdır.
Lütvəli Babayev çıxışına Ümummilli liderimiz Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” sözləri ilə davam edərək vurğulamışdır ki, 20 il əvvəl məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində dünyanın tanınmış neft şirkətləri ilə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin - “Əsrin müqaviləsi”nin imzalanması Odlar Yurdu Azərbaycanın qədim neft ölkəsi kimi əvvəlki şöhrətini özünə qaytarmışdır.
Bu gün Azərbaycanın güclü və dayanıqlı maliyyə imkanlarına malik olması Ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyasının və bu strategiyanın son 11 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsinin real nəticəsi kimi dəyərləndirilmişdir.
Natiq sözünə davam edərək bildirmişdir ki, artıq 20 ildir ki, icra olunan müqavilənin reallaşması nəticəsində ölkəmizin sosial, iqtisadi, mədəni və beynəlxalq nüfuzu son dərəcə yüksəlmiş, dünyanın inkişaf etmiş dövlətləri ilə Azərbaycan arasında yeni münasibətlərin yaranmasına səbəb olmuşdur.
Lütvəli Babayev “Əsrin müqaviləsi”nin imzalandığı dövrü xarakterizə etmiş, o dövrdəki iqtisadi, siyasi və hərbi böhranı yada salaraq müqavilənin məhz həmin dövrdə imzalanmasının xüsusi əhəmiyyətini qeyd etmişdir.
Natiq daha sonra bu müqavilənin reallaşmasının Azərbaycan iqtisadiyyatının beynəlxalq bazara açıq olmasının əyani təzahürü kimi diqqətə çatdırmışdır.
İcra başçısı qeyd etmişdir ki, məhz neftdən və qeyri-neft sektorundan daxil olan maliyyə vəsaiti hesabına ölkəmizdə son illərdə iri miqyaslı tikinti layihələri də reallaşır. 22 sentyabr 2014-cü il tarixdə cənab Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsində mühüm rol oynayacaq 400 hektar ərazisi olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində Bərə terminalının açılış mərasimi məhz Bakı şəhərində son illər inşa olunun yeni tikinti komplekslərindən biridir.
O, həmçinin qeyd etmişdir ki, bu gün ölkəmizin hər yerində, o cümlədən regionlarda həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq işləri ilə yanaşı, Azərbaycanın uğurlu neft strategiyasının səsi çox uzaq ölkələrdən də gəlir. Bu işlərdə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın danılmaz xidmətləri diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, məhz Mehriban xanımın təşəbbüsü ilə neft ölkəsi olan Azərbaycan bu gün həm də beynəlxalq aləmdə milli-mənəvi dəyərlərimiz, milli musiqimiz, milli mətbəximizlə tanınır.
İcra başçısı çıxışına davam edərək bildirmişdir ki, bütün bunlar, eləcə də Azərbaycana son vaxtlar çoxsaylı nüfuzlu qonaqların, dövlət və hökumət başçılarının, mədəniyyət və incəsənət xadimlərinin səfəri, Bakıda möhtəşəm beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsi, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının, eləcə də “AVRO-2020” çərçivəsində futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçiriləcəyi və digər məsələlər isə bütövlükdə Azərbaycanın son dərəcə dinamik inkişafından, ölkəmizdəki tolerantlıqdan, ictimai-siyasi sabitlikdən, dünya miqyasında tanınmasından xəbər verir.
Yığıncaqda çıxış edənlər “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Respublikamızın neft-qaz sektorunda qazanılan nailiyyətləri Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsi kimi qiymətləndirmişlər.
Yığıncaqda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər