22 iyul - Milli mətbuat və jurnalistika günü münasibəti ilə tədbir keçirilib
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 iyul - Milli mətbuat və jurnalistika günü münasibəti ilə keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, icra hakimiyyətinin əməkdaşları, “Əkinçi” qəzetinin redaktoru, mətbuat işçiləri iştirak ediblər. İlk öncə tədbir iştirakçıları dahi şəxsiyyət H.B.Zərdabinin abidəsini və büstünü ziyarət edərək ruhuna ehtiramlarını bildiriblər.
Həsən Bəy Zərdabinin ev muzeyi ilə tanışlıq olub. Muzeyin direktoru Azərbaycan mətbuatının böyük və şərəfli yol keçməsindən bəhs edərək, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, eləcə də baş verən mədəni və iqtisadi inkişafla tanış etməkdə böyük rol oynadığını, cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rola malik olmasından, xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşımasından söhbət açıb.
Başçının müavini Pərvin Mahmudova çıxış edərək mətbuat işçilərini bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, Azərbaycanda demokratik mətbuatın formalaşması, azad fikrin ifadəsi yolunda Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunun daim yüksək qiymətləndirilməsi, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verilməsi, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.
Sonra Milli Mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə bir qrup KİV-nin əməkdaşları mükafatlandırılıb.