22 iyul - Milli mətbuat və jurnalistika günü qeyd edilib
Azərbaycan Milli Mətbuatının yaranmasının 149-cu ildönümü Zərdabda qeyd olunub. Bu münasibətlə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Əkinçi” qəzetinin redaktoru, rayon ictimaiyyətinin nümayəndələri və KİV əməkdaşları Azərbaycan Mətbuatının banisi H.B.Zərdabinin adını daşıyan mədəniyyət və istirahət parkında yerləşən abidəsinin önünə gül dəstələri düzüb, ruhuna ehtiramlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə mətbuat işçilərini 22 iyul–Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə təbrik edib. Daha sonra Həsən Bəy Zərdabinin ev muzeyi ziyarət edilib. Muzeyin direktoru Azərbaycan mətbuatının böyük və şərəfli yol keçməsindən bəhs edərək, Zərdabinin həyat və fəaliyyəti, “Əkinçi” qəzetinin milli mətbuatın inkişafındakı rolu, Azərbaycanda demokratik mətbuatın formalaşması, azad fikrin ifadəsi yolunda Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin əhəmiyyətindən danışıb.