"ZƏRDABİ - 170" çərçivəsində silsilə tədbirlər davam edir
27 iyul 2012-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan Respublikası Prezidentinin “Həsən Bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 04 iyun 2012-ci il tarixli sərəncamının icrası çərçivəsində “H.B.Zərdabi Azərbaycan mətbuatının və milli teatrının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısıdır ” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə İctimai Televiziyanın “Carçı-film” Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zərdabinin əmək və fəaliyyətinin tədqiqatçılarından biri Qərənfil xanım Xəlilova və Filologiya elmləri namizədi, dosent, Gəncə Müəllimlər İnstitutunun dekanı, Zərdabişünas alim Nəzmiyyə Axundova iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzmüşlər. Daha sonra tədbir iştirakçıları H.B.Zərdabinin abidəsini ziyarət etmiş, Zərdabi muzeyində olmuş, muzeyin xatirə kitabına öz ürək sözlərini yazmışlar. Tədbir Zərdab Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etmişdir. Əvvəlcə Respublika Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycan Milli Mətbuatının 135 illiyi və H.B.Zərdabinin 170 illiyi ilə əlaqədar Zərdab rayonunda keçirilən ümumrespublika tədbirləri ilə bağlı video çarx nümayiş etdirilmişdir.
Sonra giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tədbiri açaraq qonaqları salamlamış və H.B.Zərdabi irsindən söhbət açmışdır. Daha sonra “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov Həsən bəy Zərdabinin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirdə İctimai Televiziyanın “Carçı-film” Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zərdabinin əmək və fəaliyyətinin tədqiqatçılarından biri Qərənfil xanım Xəlilova və Filologiya elmləri namizədi, dosent, Gəncə Müəllimlər İnstitutunun dekanı, Zərdabişünas alim Nəzmiyyə Axundova Həsən bəy Zərdabi haqqında geniş nitq söyləmişlər. Sonda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev yekun nitqi ilə çıxış etmişdir.