Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbində tədbir keçirilib

27 oktyabr 2014 | 16:00

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbində məktəb rəhbərliyi, yuxarı sinif şagirdləri, valideynlər və kənd ağsaqqallarının iştirakı ilə tədbir keçirilib. Tədbirdə həmçinin Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin ərazisində yerləşən digər 3 ümumtəhsil məktəbin hər birinin rəhbər işçiləri, yuxarı sinif şagirdləri  iştirak edib.
Tədbiri giriş sözü ilə Şıxbağı kənd tam orta məktəbinin direktoru Sabir Əhmədov açaraq qonaqları salamlayıb, respublikamızda, eləcə də rayonda gedən abadlıq – quruculuq işlərindən, təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ötən ilin sentyabr ayında rayonda tikilib istifadəyə verilmiş 3 yeni məktəb binası bunun bariz nümunəsidir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında böyük məsləhətçi – Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Ceyhun Ağayev “Şagirdlər arasında aparılan tərbiyə işinin gücləndirilməsi tədbirləri barədə” məruzə ilə çıxış edib. O, çıxışında icbari ümumi orta təhsilin həyata keçirilməsi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunması, onların məktəbdə və məktəbdənkənar müəssisələrdə müxtəlif dərnəklərə cəlb olunmasının vacib məsələlərdən olduğunu bildirib. Dərsdən yayınma, müxtəlif hüquq pozuntularının qarşısının alınması, narkomaniyaya qarşı mübarizə aparmaq üçün məktəb rəhbərliyi qarşısında duran vəzifələri qeyd edib.  
Sonra Rayon Polis Şöbəsinin uşaq inspektoru Azər Umarov “Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozmalarına qarşı profilaktik işin gücləndirilməsi sahəsində təhsil müəssisələrinin qarşısında duran vəzifələr barədə”, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəyalə Veyisova “Qızların erkən yaşdan nikaha cəlb olunmasının qarşısının alınması sahəsində məktəb – valideyn əlaqələrinin rolu”, Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinin müdiri Afərim Hüseynova “Uşaqların sağlamlıqlarının qorunması və erkən nikahın törətdiyi fəsadlar” mövzusunda çıxışlar ediblər.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Məmmədalı Əhmədov, İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin məsləhətçisi Emil İmanov, Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Bahar Əmirəliyeva iştirak və çıxış ediblər.
Sonra “Narkomaniyaya yox deyək!” və “Erkən nikah sosial bəladır” mövzusunda video-çarxlar nümayiş etdirilib. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər