23 iyun - Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olunub
22 iyun 2024-cü il tarixdə Zərdab rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib. Əvvəlcə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təşkil olunan toplantıda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək iştirakçıları bu münasibətlə təbrik edib. Qeyd olunub ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. İcra başçısı çıxışında müəssisələrdə çalışan dövlət qulluqçularının rayonun sosial-iqtisadi və mədəni inkişafına çox böyük töhfələr verdiklərini qeyd etmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının Məmmədqasımlı kənd İƏD üzrə nümayəndəsi Mətləb Müzəffərov və Qoruqbağı kənd İƏD üzrə nümayəndəsinin müavini Vahid Xəlilov rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif olunmuşlar. Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.