Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirildi

09 dekabr 2014 | 16:00

09 dekabr 2014-cü il tarixdə Zərdabda “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında 28 oktyabr 2014-cü il tarixdə keçirilən yığıncaqda Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin çıxışında səslənən fikirlərdən irəli gələn vəzifələrin Zərdab rayonunda icrası ilə bağlı İcra Hakimiyyətində təsdiq olunmuş geniş tədbirlər planı çərçivəsində keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gözəllik Mərkəzinin direktoru Zərifə xanım Quliyeva iştirak və çıxış edib.
Tədbirdə vurğulanıb ki, erkən nikah uşaqların təhsil hüquqlarının pozulması baxımından, erkən yaşda nikaha daxil olan qızlar tərəfindən dünyaya gələn uşağın sağlamlığında, onun düzgün tərbiyə edilməsində ciddi problemlər yaratdığından, həmçinin rəsmi nikah olmadığı üçün sonradan hüquqi problemlərin meydana gəlməsinə şərait yaratdığına görə çox ciddi sosial problem hesab olunur.
Qeyd olunub ki, respublikada müvafiq qurumlar tərəfindən bu problemin aradan qaldırılması istiqamətində mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə işləri aparılır.
Natiq öz çıxışında erkən nikah hallarının mənfi nəticələrindən danışaraq belə halların aradan qaldırılmasında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın, təhsil müəssisələrinin, valideynlərin, din xadimlərinin və ictimaiyyətin mühüm rol oynadığını xüsusi olaraq qeyd edib.
Tədbirdə eyni zamanda qadınlara qarşı zorakılıq və onun acı nəticələri, eləcə də uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, qeyri-sağlam qüvvələrin təsiri altına düşmələrinin qarşısının alınması üçün görülən tədbirlərdən, onlar üçün yaradılan əlverişli şəraitdən, bu istiqamətdə qarşıda duran vəzifələrdən də danışılıb.
Tədbirdə son illərdə rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərdən də söhbət açılaraq, bu sahədə işləri təkmilləşdirmək məqsədilə bir sıra əlverişli təkliflər də irəli sürülüb.

Keçidlər