ZƏRDABDA “REGİONAL İNNOVASİYA PROQRAMI”NIN TƏQDİMATINA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
26 dekabr 2014-cü il tarixdə Zərdab rayonundakı Heydər Əliyev Mərkəzində “Zərdab rayonu: Regional İnnovasiya Proqramı (2014-2018-ci illər)”nın təqdimatına həsr olunmuş konfrans keçirilib.
Konfrans iştirakçıları öncə Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.
Sonra Zərdab rayonu ilə bağlı son illərdə nəşr olunan kitablara aid sərgiyə baxış keçirilib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra “Regional İnnovasiya Proqramı”nın təqdimatına həsr olunmuş konfransın rəsmi hissəsi başlanılıb.
Öncə ölkə Prezidenti cənab İlham Əliyevin Zərdab rayonuna 07 oktyabr 2012-ci il tarixli səfərindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad üzrə fəlsəfə doktoru Lütvəli Babayev açıb. Bildirib ki, artıq 11 ildir ki, adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuş Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi İnkişaf Konsepsiyası Ulu Öndərin ölməz ideyalarının layiqli davamçısı, onun ailəsində böyüyərək tərbiyəsini və biliklərini, həmçinin vətənə və xalqa məhəbbətini əxz edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və böyük məharətlə davam və inkişaf etdirilir. Bu gün Müstəqil Azərbaycan Avrasiya məkanında iqtisadi cəhətdən inkişaf edən, dünyanın ən islahatçı və bölgənin lider dövlətidir. Cənubi Qafqaz iqtisadiyyatının 75%-dən çoxu Azərbaycanın payına düşür. Qazanılan nailiyyətlərin əsasında cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən innovativ islahatlar, ölkədə planlaşdırma və idarəetmə proseslərinin innovativ xarakter daşıması mühüm əhəmiyyət kəsb edir.
Biz fəxr edirik ki, dövlətimizin başçısı, Zərdaba və zərdablılara yüksək diqqət göstərən, 2011 və 2012-ci illərdə ardıcıl olaraq 2 dəfə rayonumuza səfəri zamanı çoxsaylı obyektlərin açılışında şəxsən iştirak edən, ictimaiyyət nümayəndələri ilə səmimi görüşən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı və son illərdə Zərdab və zərdablılarla bağlı imzaladığı 30-a qədər sərəncam sayəsində bu uğurlu inkişaf rayonumuzdan da yan keçməmişdir.
Son 10 il ərzində rayonda 8 mindən çox yeni iş yerləri açılmışdır. Rayonumuz öz sosial simasını da xeyli yaxşılaşdırmış, şəhər və kəndlərimizdə iri həcmli layihələr reallaşmış, geniş miqyaslı tikinti quruculuq işləri həyata keçirilmişdir. Təkcə bir faktı deyim ki, son 7 ildə Dövlət Proqramları və daxili imkanlar hesabına Zərdabda 320-dən çox obyekt ya yeni tikilmiş, ya əsaslı təmir olunmuş və ya yenidən qurulmuşdur.
Qeyd olundu ki, əldə edilən bütün bu nailiyyətlərlə baxmayaraq, rayonun innovativ inkişafı üzrə görüləcək işlər də çoxdur. Həmin işlərin təsnifatı rayonun iqtisadi fəaliyyət sahələri üzrə bu gün təqdim edilən Regional İnnovasiya Proqramında öz əksini tapmışdır. Təkcə onu qeyd etmək istəyirəm ki, ilk Aqroparkın, Sənaye və Xidmət məhəlləsinin və onlarla digər yeni innovasiya infrastrukturunun yaradılması, müasir texnika, texnologiya, kompüter vasitələri, avadanlıq, cihaz, yeni növ materiallardan istifadə, yüksək keyfiyyətli sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, onların çeşidlərinin artırılması, yeni tibb və təhsil ocaqlarının, mədəniyyət, turizm və idman komplekslərinin yaradılması əhalinin sağlamlığının qorunması, ekoloji təhlükəsizliyinin təmin edilməsində innovasiya metodlarının tətbiqi məsələləri ilə bağlı 140-dan çox tədbirlər təqdimatı keçirilən Regional İnnovasiya Proqramının tərkib hissəsini təşkil edir. Zərdab rayonunun bütün sosial-iqtisadi fəaliyyət sahələrinin inkişaf istiqamətlərini özündə əks etdirən Regional İnnovasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində, 2018-ci ildə 2013-cü ilə nisbətən regional məhsul buraxılışının həcminin 115 %, o cümlədən kənd təsərrüfatı məhsullarının 152,8 %; sənaye məhsulunun 136,1 %; əsas kapitala yönəldilən investisiyanın 3,7 dəfə; rayon əhalisinin adambaşına düşən gəlirinin 115 %; yüksək ödənişli iş yerlərinin sayı 2,6 dəfə; innovasiya infrastrukturunun sayının 12 vahid; orada yaradılan iş yerlərinin 63 vahid; innovasiya aktivliyi olan müəssisələrin sayının 5 dəfə artacağı gözlənilir.
İcra başçısı vurğulayıb ki, “Regional İnnovasiya Proqramı” rayonun sosial-iqtisadi və innovativ inkişafına xidmət edəcəkdir.
Daha sonra professor Tərbiz Əliyev “Regional İnnovasiya Proqramı”nı iştirakçılara təqdim edib.
Konfransda akademiklər Ziyad Səmədzadə, Teymur Bünyatov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, Prezidentin fərdi təqaüdçüsü Maqbet Bünyatov, polkovnik Abdulla Qurbani çıxış edərək “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarına uyğun olaraq Azərbaycanda ilk dəfə Respublika Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzində Zərdab rayonu üzrə hazırlanmış “Regional İnnovasiya Proqramı”nın elmi nəzəri əhəmiyyətindən, qarşıdakı illər üçün verəcəyi konkret nəticələrdən və hədəflərdən söhbət açıblar.
Sonda ölkə Prezidentinə müraciət qəbul olunub.