Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirildi

19 yanvar 2015 | 16:00

20 Yanvar Faciəsinin 25-ci ildönümü ilə  bağlı Zərdab rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.
Öncə Azərbaycan xalqının müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzinin direktoru Könül Rəhimova məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
K.Rəhimova 20 Yanvar hadisələrinə Ulu Öndər Heydər Əliyev tərəfindən verilən siyasi qiymətdən söz açıb. Qeyd edib ki, həmin günlər xalqının səsinə hər kəsdən əvvəl səs verən Azərbaycan xalqının Ümummilli Lideri hadisələrdən dərhal sonra ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, təcavüzə kəskin etirazını bildirib. Ulu Öndər Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Belə ki, Respublika Prezidentinin Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda nəhayət ki, 1990-cı il 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Bunun nəticəsidir ki, hər ilin 20 Yanvar günü ölkəmizdə Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Digər çıxış edənlər hazırda ölkə başçısının rəhbərliyi ilə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin problemlərinin həlli istiqamətində həyata keçirilən layihələrdən söhbət açdılar.
Yığıncaqda məktəblilərin və bağça uşaqlarının ifasında “20 Yanvar şəhidləri-tarixin şahidləri” adlı kompozisiya nümayiş etdirilib.
Sonda iştirakçılar 20 Yanvar faciəsini əks etdirən “Tarixin ibrətamiz dərsləri” başlıqlı sərgi ilə tanış olublar.

Keçidlər