20 YANVAR FACİƏSİNİN 25-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI ZƏRDABDA ÜMUMRAYON ANIM MƏRASİMİ KEÇİRİLDİ
Zərdab Rayon İcra Hakimiyyətində təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin davamı olaraq 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilmişdir.
Öncə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş divar qəzetlərinə, rəsm işlərinə və kitab sərgisinə baxış keçirmiş, daha sonra abidə komplekslərinin önünə təzə tər güllər qoymuşlar.
Tədbirin rəsmi hissəsi müstəqilliyimiz uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev anım mərasimində çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının taleyinə qəhrəmanlıq tarixi və müstəqillik simvolu kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən artıq 25 il keçir. İcra başçısı bildirmişdir ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda tariximizin bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar, qürur hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi heç də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi.
Natiq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Zərdab rayonundan 140-a qədər gəncin şəhid olduğunu, 90 nəfərin əlil olmasını bildirərək şəhidlərdən 35 nəfərinin adının əbədiləşdirilərək məktəb və küçələrə verildiyini qeyd etdi.
Lütvəli Babayev xalqımızın səsinə ilk dəfə səs verən, dərdinə şərik olan Ümummilli liderimiz Heydər Əliyevin 20 yanvarı xalqımızın qəhrəmanlıq tarixi adlandırmasını bir daha yada salaraq bütün zərdablılar adından Vətən yolunda canlarından keçən şəhidlərimizə Ulu Yaradandan rəhmət, ailələrinə səbir dilədi.
Qeyd etdi ki, şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq, onların xatirəsinə ən böyük abidə isə bu gün Ulu Öndərin layiqli varisi möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən inamla idarə olunan, ildən-ilə öz iqtisadi və müdafiə qüdrətini möhkəmləndirən müstəqil, azad və demokratik Azərbaycan Respublikasıdır.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verildi.
Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər qoydular.
Gün ərzində rayon ərazisindəki məscidlərdə ehsan süfrələri açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.