Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ ZƏRDABLI GƏNCLƏRİN ÜMUMRAYON TOPLANTISI KEÇİRİLDİ

31 yanvar 2015 | 16:00

2 fevral Gənclər Günü münasibətilə Zərdab rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin və YAP Zərdab rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində gənclərin ümumrayon toplantısı təşkil olunub. Yeni nəslin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər, Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.
Toplantıda Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu Öndərin gəncliyə və gənclərə etimadı öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. Natiq gənclərin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməsini son illər zərdablı gənclərin, idmançıların sorağının respublika və Beynəlxalq turnirlərdən, Avropa və dünya kuboku yarışlarından gəlməsini bildirib, şahmatçıların, karateçilərin uğurlarından ətraflı danışıb.
Məlumat verib ki, zərdablı gənclər 2014-cü il ərzində 34 rayondaxili, 7 zona və 10-a yaxın respublika səviyyəli yarış və tədbirlərdə rayonu uğurla təmsil ediblər. İdmançılar 9 qızıl, 4 gümüş, 8 bürünc medal qazanıblar.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək gənc və yeniyetmələri təbrik edib. Onların təhsil, səhiyyə və idman sahələrində qazandıqları uğurları yüksək qiymətləndirib. Onların müxtəlif intellektual oyunlarda, bilik yarışlarında fənn olimpiadalarında, rəsm və texniki yaradıcılıq müsabiqələrində əldə etdikləri nailiyyətlərdən söz açaraq bunların son hədd olmadığını vurğulayıb.
Rayon gənclərinin nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Dövlət Başçısına minnətdarlıq ediblər.
Toplantıda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə partiya vəsiqələri, müxtəlif sahələrdə fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim olunub.
Zərdablı gənclər adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Keçidlər