Zərdab rayonunda Novruz bayramına hazırlıq işləri davam edir
Xalqımızın milli adət və ənənələrini özündə əks etdirən Novruz bayramının gəlişi münasibətilə Zərdab rayonunda İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planı çərçivəsində şəhərin təmizliyi, səliqə-sahman işləri, ağac əkilməsi və digər işlər xüsusi yer tutur.
13 mart 2015-ci il tarixdə tədbirlər planına uyğun olaraq rayon ərazisində kütləvi iməcilik təşkil olunmuşdur. İməcilikdə rayon rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri – bütövlükdə 300 nəfərə qədər adam iştirak etmişdir. İməcilik Heydər Əliyev prospektini, Azərbaycan, Zərdabi, Ramiz Kərimov küçələrini, Heydər Əliyev, Sahil və Şəhidlərin xatirə parklarını əhatə etmişdir. Gün ərzində şəhərin küçələrində su kanalları təmizlənmiş, su keçidləri açılmış, ağaclar budanmış, ağacların və elektrik dirəklərinin gövdələri rənglənmişdir. Heydər Əliyev prospektində bardürlərin ağ-sarı rənglənməsi işlərinə başlanmışdır. Şəhərin küçə və meydanları bayraq və bayraqcıqlarla, Novruza aid şüar və plakatlarla bəzədilmişdir. İməcilik çərçivəsində ayrı-ayrı küçə və parklarda 300-ə qədər müxtəlif növ ağaclar və Heydər Əliyev parkında 1200 ədəd çiçək əkilmişdir.
Rayonda Novruz bayramına hazırlıq çərçivəsində tədbirlər 18 mart 2015-ci il tarixə kimi davam etdiriləcəkdir.