Zərdabda Novruz şənlikləri keçirilib
18 mart 2015-ci il tarixdə Zərdab rayonunda təmizlik, ülvilik və saflıq rəmzi olan Novruz bayramı kütləvi şənliklərlə qeyd olunub. Öncə Rayon İcra Hakimiyyətində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla, o cümlədən aztəminatlı ailələrlə görüş keçirilib. Görüşdə sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısından söz açılıb. 60-dan çox ailəyə bayram sovqatları paylanılıb və maddi yardımlar edilib.
Daha sonra Heydər Əliyev parkında ümumrayon şənliyi təşkil olunub. Parkda açılan bayram süfrələri, yerli müəssisələrdə istehsal olunan məhsulların sərgisi, milli adət-ənənələrimizin qədimliyindən soraq verən palaz, kilim, cəhrə, dördayaq, nehrə kimi əşyalarla tanışlıq şənlik iştirakçılarında xoş hisslər yaradıb. Kür çayı üzərində alovlandırılan məşəl şəhər ərazisindən keçərək parka gətirilmiş, bayram tonqalı alovlandırıldıqdan sonra Dədə Qorqudla Bahar qızı tədbir iştirakçılarını təbrik etmiş, onlara əmin-amanlıq, bol ruzi arzulamışlar.
Zərdab rayon ictimaiyyətinə bayram təbriklərini çatdıran Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Novruz adətlərinin zənginliyindən, insanlara xoş hislər aşılamasından söz açıb. Bildirib ki, tarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı son illər təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşmüşdür.
Natiq çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə artıq 12-ci ildir ki, xalqımız öz adət və ənənələrinə sadiq qalaraq mənəvi dəyərlərimizi daim uca tutmuş, onları qoruyub saxlamış və daha da inkişaf etdirmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz günü” elan etmişdir.
Rayon rəhbəri çıxışına davam edərək vurğulamışdır ki, son dövrdə ölkəmizdə bütün sahələrdə qazanılan uğurlar Zərdab rayonundan da yan keçməmiş, rayonun sosial-iqtisadi inkişafı, aqrar sahənin inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, insanların sosial problemlərinin həlli istiqamətində konkret tədbirlər görülmüşdür.
İcra başçısı bütün zərdablıları Bahar müjdəli Novruz bayramı münasibətilə təbrik etmiş, onlara möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulamış, hər bir evə və ailəyə bol-bol ruzi, bərəkət, xalqımıza sülh və əmin-amanlıq diləmişdir.
Rəqs qruplarının, musiqi kollektivlərinin nümunəvi çıxışları, keçəl və kosanın məzəli oyunları, idmançıların, kəndirbazın nömrələri maraqla qarşılanıb. Məktəblilər qədim oyunlarımız nümayiş etdiriblər. Yuxa, kətə, aş, qutab, şəkərbura, paxlava bişirilib. Əli xonçalı qızlar şənlik iştirakçılarına Novruz sovqatları paylayıblar. 3000 ədəddən çox səməni ilə bəzədilən parkda kənd təsərrüfatı məhsullarından ibarət bayram yarmarkası və iaşə xidməti də təşkil olunub.
Zərdabda Novruz şənlikləri el gəzintisi və bayram konserti ilə davam etdirilib.