ZƏRDABDA 2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU
16 aprel 2015-ci il tarixdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Respublika Prezidenti cənab İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin birinci rübündə rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında” Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab L.B.Babayevin hesabatına dair geniş şura yığıncağı keçirilmişdir.
Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində 2015-ci ilin birinci rübü ərzində respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər Zərdab rayonunun da sosial-iqtisadi həyatında özünü göstərmişdir. Ötən müddət ərzində Zərdabda xeyli işlər görülmüşdür və bu işlər hazırda da davam etdirilir.
Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi bütövlükdə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına və makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərmişdir.
2015-ci ilin birinci rübündə rayon iqtisadiyyatının əsas sahələrində 13 milyon 484 min 300 manatlıq məhsul istehsal edilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində rüb ərzində rayonda 94 daimi iş yeri yaradılmışdır.
Hesabat dövründə Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam etmişdir.
Qaz təsərrüfatının inkişafı istiqamətində müəyyən işlər görülmüş, 2015-ci ilin birinci rübündə rayonun Əlibəyli, Allahqulubağı və Qoruqbağı kəndlərində qaz xətti çəkilişi davam etdirilmiş, Burunlu, Sarıqaya və Şəftəhal kəndlərində isə bu işə yenicə başlanılmışdır.
Hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi Zərdab Rayon şöbəsinin inzibati binası bu günlərdə istifadəyə verilmişdir. Vergilər Nazirliyin Zərdab rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinin tikintisi başa çatdırılmışdır. Yaxın günlərdə həmin binanın açılışı nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi üçün yeni inzibati binanın tikintisi işləri davam etdirilir.
2015-ci ilin birinci rübündə şəhərin 15-ci məhəlləsindəki küçələrə çınqıl örtük vurulmuş, Heydər Əliyev prospektində və 20 yanvar küçəsində abadlıq işləri, Mehdi Hüseyn, Ramiz Kərimov, Molla Pənah Vaqif, 20 yanvar, Babək, Mirzə Ələkbər Sabir küçələrində isə işıqlandırma işləri həyata keçirilmişdir.
Hesabat dövrü ərzində magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə 27 mindən çox şam, küknar, iydə, türk qovağı və digər ağaclar əkilmişdir.
Təhsil, səhiyyə, mədəniyyət sahəsində işlər uğurla davam edir. Gənclərlə iş, onların idmana geniş cəlb olunması daim nəzarətdədir.
Aztəminatlı insanlara qayğı həmişə diqqət mərkəzində saxlanılır.
İcra başçısı qeyd etmişdir ki, rayonda bütün işlər uğurla icra olunur və bunlar deməyə əsas verir ki, zərdablılar 2015-ci ildə də əvvəlki illərin ənənəsini qoruyub saxlayacaq, hər bir sahədə yeni uğurlara imza atılacaqdır. Bunun üçün hər bir sahədə nizam-intizamın yüksəldilməsi, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi üçün konkret tədbirlər görüləcəkdir.
Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olunmuşdur.
Yığıncaqda Rayon İcra Hakimiyyəti Başçısının Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Məmmədov, Zərdab bələdiyyəsinin sədri Əyyub Babayev, Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Xavər Teymurova və digərləri çıxış etmişlər.
Sonda müvafiq qərar qəbul edilmiş və yığıncaq iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlanmışdır.