27 sentyabr Anım günü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib
Tədbirin rəsmi hissəsi başlamadan öncə Heydər Əliyev Parkında “Anım günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, iştirakçıları, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkındakı abidə ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuş, Vətən müharibəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Anım mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında “Anım günü” kimi qeyd edilməsi barədə qərar qəbul edildiyini diqqətə çatdırmışdır.
Həmçinin qeyd edilmişdir ki, ötən ilin sentyabrında ordumuz tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin tam şəkildə tərksilah olunaraq buraxılması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və ölkəmizin ərazilərini tərk etməsi, eyni zamanda bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsi olmaqla, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanı yerdə qalmamışdır. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 sentyabr 2024-cü il tarixdə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir.
Vurğulanmışdır ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini vermişdir. Müharibədə rayonumuz 8 şəhid vermiş, yaralananlarımız olmuşdur. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmişlər. Şəhidlərimizin adı əbədiləşdirilərək küçələrə adları verilmişdir. Şəhid atası Abbasov İlham şəhid ailələri adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqların bildirmişlər.
Sonra Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunmuşdur.
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayonun digər yaşayış məntəqələrində olan şəhidlərin məzarları ziyarət olunmuş, ailələri ilə görüşlər keçirilmişdir.